Ümummilli liderin xatirəsi Milli Tarix Muzeyində anıldı TƏDBİR - SƏS TV
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı, Səbail rayon İcra Hakimiyyəti, AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, AMEA-nın Milli Azərbaycan Tarix Muzeyində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevə həsr olunan video film nümayiş olunub.
İlk olaraq YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Heydər Əliyev irsi gənclər üçün bir nümunədir.
Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu günlərdə bütün dünya azərbaycanlıları Ulu Öndəri yad edir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin həm Azərbaycan, həm də bəşər tarixində özünəməxsus yeri var: "Azərbaycan 90-ci illərdə həm 20 Yanvar faciəsini, həm də parçalanma yaşayıb. Yalnız Ulu Öndər ilk dəfə bu hadisəyə siyasi qiymət verib. Əgər Ulu Öndər 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi, ölkəmizin mövcudluğu sual altında olacaqdı. Əgər bu gün Azərbaycanda sabitlik hökm sürürsə, bunun arxasında Ulu Öndərin əsası qoyduğu hazırda Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilən siyasət dayanır. Dünyada dəhşətli hadisələr baş verir, lakin Azərbaycan sabitlik ölkəsi kimi daha da inkişaf edir".
İcra başçısı qeyd edib ki Azərbaycanın gələcəyinə yalnız Ulu Öndərin əsası qoyduğu siyasət zəmanət verir: "Bu siyasətin alternativi yoxdur".
Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Azərbaycan xalqı 10 may tarixini böyük xatirələrlə anır: "Bu gün hər birimiz üçün bayramdır. Ulu Öndər Azərbaycanın ən çətin illərində belə elmə diqqət göstərib. Hətta ölkəmizdə AMEA bağlanmaq təhlükəsi ilə qalmışdı ki, Ümumilli Lider buna imkan vermədi".
Ulu Öndərin Tarix Muzeyində çalışmaq istəyi ilə bağlı ərizəsinin muzeydə eksponat kimi saxlandığını deyən N.Vəlixanlı söyləyib ki, bu, Ulu Öndərin tarixə verdiyi önəmin göstəricisidir: "Ümummilli lider bir neçə dəfə Muzeydə olub. Neft müqavilələri bizim muzeydə bağlanıb. Muzeyimizə olan diqqət bu gün də davam edir. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə muzeyimiz gözəl binaya çevrilib".
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, Ulu öndər haqqında nə qədər filmlər çəkilsə də, hələ də Ümummilli liderin tam şəkildə mahiyyətini açan əsərlər ərsəyə gəlməyib.
Ombudsman söyləyib ki, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrə diqqət yetirməyə başladı: "Onun maraq dairəsi çox geniş idi. Hətta Ümummilli lider memar olmağı arzu etmişdi. Bəziləri deyir ki, Ulu Öndər bu arzusuna nail ola bilmədi. Amma mən əksini deyərdim. Çünki Ulu Öndər müstəqil Azərbaycanın memarı oldu. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda qarşısında bir məqsəd- müstəqil ölkə yaratmaq dayanmışdı". Ümummilli liderin insan hüquqlarına çox böyük diqqət etdiyi deyən E.Süleymanova qeyd edib ki, Ulu öndər ölkəmizdə ölüm cəzasını ləğv edib: "Ümumiyyətlə, ölkəmizdə elə sahə yoxdur ki, orada Heydər Əliyevin izi olmasın. Elm sahəsində alim, təfəkkürlü olan Ulu Öndər müstəqil dövlət quruculuğunun nəzəriyyəsini yaradıb".
"Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev isə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev haqqında günlərlə aylarla danışmaq azdır. Ulu öndərin xarizmatik lider olduğunu deyən B.Quliyev söyləyib ki, Ümumilli lider Azərbaycan kimi əsər yaradıb: " Xalq-Heydər Əliyev birliyi bugünkü Azərbaycanın inkişafının təməlini qoyub. Ulu öndər vətəndaşlığı ilə fəxr edən Lider idi". Onun sözlərinə görə, Ümummilli liderin Azərbaycana ən böyük bəxşi hazırki prezident İlham Əliyevdir: "Bu gün Azərbaycan nadir ölkələrdən biridir ki, həm İƏT-in, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan milli dəyərlərə hörmət edərək Avropaya inteqrasiya edib. Bu, Azərbaycanın qüdrətidir. Bu gün Azərbaycana verilən qiymətdir ki, beynəlxalq tədbirlər ölkəmizdə keçirilir. Mən əminəm ki, nə qədər müstəqil Azərbaycan var Ulu Öndər hər zaman qəlbimizdə yaşayacaq".
YAP Səbail "Əhməd Cavad 12" ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Aygül Ağayeva Ümummilli liderin gənclərə, gəncliyə göstərdiyi etimaddan söz açıb.
Yekun sözü ilə çıxış edən Şəmsəddin Hacıyev bildirib ki, bu günkü Azərbaycan Ümummilli liderin şah əsəridir: "Ulu Öndərin irsi o qədər genişdir ki onu öyrənmək mümkün deyil". Ümumilli liderin iqtisadi irsi haqqında məlumat verən təşkilat sədri söyləyib ki, 1969-cu ildə Azərbaycan ən geridə qalan ölkələrdən biri olsa da, Ulu öndərin həyata keçirdiyi işlər nəticəsində ölkəmiz qısa müddət ərzində ən son pillələrdən ön pilləyə yüksələ bildi: " Heydər Əliyevin yüksək idarəedici qabiliyyəti sərmayələrin digər respublikalara deyil ölkəmizə qoyulmasına imkan verirdi. Ümummilli lider Allah adamı idi. Biz Onun tale yoluna nəzərə salsaq görərik ki, ən çətin anlarda Ulu Öndər Tanrının nəzarəti altında olub. Ümummilli lider ikinci dəfə hakimiyyətə Azərbaycanın ən çətin dövründə gəlib. 90-cı illərin əvvəllərində Azərbaycanda hərc-mərclik baş alıb gedir, Azərbaycan parçalanma ərəfəsində idi. Bütün bu çətinliklərə baxmayaraq Ümummilli lider hakimiyyətə gələrək Azərbaycanı parçalanmaqdan xilas etdi. Ulu Öndər Azərbaycanın unikal dövlət kimi formalaşmasını təmin etdi".
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB