Millət vəkili: “Multikulturalizm dəyərlərini qorumaq həyati əhəmiyyət kəsb edir”
"Son dövrlər bir sıra ölkələrdə siyasətçilərin dilindən səslənən rasizmi, ksenofobiyanı təşviq edən fikirlər bizi narahat etməyə bilməz". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və "Zorakılıqdan azad qadınlar" parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova qurumun sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən bu kimi çağırışlar əlbəttə ki, qətiyyətlə pislənilməlidir: "Seçki təbliğatında səs toplamaq, ictimai rəyi manipulyasiyaya məruz qoymağa xidmət edən bu populist yanaşmalara Avropa cəmiyyətlərində, qabaqcıl və tolerant təbəqələrdə heç bir dəstək verilməyəcinə inanırıq. Amma bütün hallarda bu kimi meyllərin genişlənməsinə, bu məsələlərin ictimai rəydə özünə yer qazanmasına imkan verməməliyik".
Deputat bildirib ki, qlobal miqrasiya hazırda bütün qitəni narahat edən, o cümlədən, müəyyən problemlər yaradan bir məsələdir: "Hazırda bir sıra təşkilatlar və milli dövlətlər bu problemin aradan qaldırılması üçün səylər göstərir, əməli addımlar atır. Bu tribunadan da bununla bağlı dəfələrlə, demək olar ki, hər sessiyada çağırışlar olunub, həlli yollarının müzakirəsi təşkil edilib. Amma bu problemin köklü həllinə nail olmadan miqrasiya böhranını aradan qaldırmaq faktiki olaraq mümkün görünmür. Təəssüf ki, bir sıra siyasətçilər miqrasiyanın meydana gəlməsinin səbəblərini çox dəqiq bildiyi, buna baxmayaraq, problemin aradan qaldırılması üçün heç bir addım atmadığı halda məsələni tamam başqa müstəviyə çəkərək onsuz da çox ağır şəraitdə yaşayan, həyatda qalmaq üçün çox ağır çətinliklərə dözmək məcburiyyətində olan o insanlara qarşı faktiki linç çağırışları edir".
Komitə sədrinin sözlərinə görə, Avropa ötən əsrin 50 ilini dini, irqi diskriminasiyanın ağır fəsadlarını yaşamaqla keçirib: "Avropa birinci yarım əsrin sonunda milyonlarla qurbanlar verərək, çox ağır məhrumiyyətlərlə və fəsadlarla bu bəladan xilas olmağı bacarıb. Amma görürük ki, son dövrlər bəziləri yenidən Avropanı ksenofobiyanın tüğyan etdiyi, ayrı-seçkiliyin, diskriminasiyanın bütün cəmiyyətlərə bədbəxtçilik gətirdiyi həmin illərə qaytarmaq düşüncəsini daşıyırlar. Bu gün buna qarşı səsimizi ucaltmasaq, sabah çox təəssüf və narahatlıq verici hadisələri yaşamaq məcburiyyətində qalacağıq. Hamımız bizi birləşdirən, birgə, təhlükəsizlik və sülh şəraitində yaşamağımızı təmin edən dəyərlərin nədən ibarət olduğunu unutmamalıyıq. Multikulturalizm dəyərlərini, mədəniyyətlər arası dialoq və xoşgörünü qorumaq bu gün həyati əhəmiyyət kəsb edir".
Azərbaycanda mövcud olan multikulturalizm mühitinin üstünlüklərindən danışan S.Qafarova qeyd edib ki, ölkəmizdə müxtəlif millətlərin və dinlərin təmsilçiləri sülh və dostluq şəraitində yaşayırlar: "Tolerantlıq könüllü şəkildə qəbul olunmuş, hətta fikirləri üst-üstə düşməsə də hər kəsin özünü ifadə haqqına hörmətdir. Bu yanaşma bizim ənənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Xristian və yəhudi icmaları ölkəmizdə əksəriyyət təşkil edən müsəlmanlarla eyni hüquqlara malikdirlər. İnsanlar heç zaman dini və etnik mənsubiyyətinə görə pis rəftarla qarşılaşmırlar. Azərbaycanda məscid, kilsə və sinaqoqlar bərabər fəaliyyət göstərir. Sovet vaxtında dağıdılmış sinaqoq və kilsələr müstəqillik illərində Azərbaycan hökuməti tərəfindən bərpa olunub".
Sonda millət vəkili bir daha vurğulayıb ki, bu gün inteqrasiyanın ideal nümunəsi mədəni və dini tolerantlığın inkişafı vasitəsilə sülh şəraitində birgə yaşamağa nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB