20-21 aprel 2017-ci il tarixlərdə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun təşkilatçılığı ilə Strasburqda əcnəbi məhkumlarla bağlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətini rəis müavini ədliyyə general mayoru Hüseyn Əlixanov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi ədliyyə polkovniki Mehman Sadıqov təmsil ediblər.
Əcnəbi məhkumların qəbulu, bölgüsü və rejim qaydaları, cəzanın planlaşdırılması, fərdi ehtiyacların ödənilməsi, dinamik təhlükəsizlik, sosial reinteqrasiya, azadlığa buraxılmağa hazırlıq və s. kimi əsas mövzular üzrə məruzələr dinlənilib və ətraflı müzakirələr aparılıb.
Nümayəndə heyəti aparılan müzakirələrdə fəal iştirak etmiş və əcnəbi məhkumlarla bağlı Azərbaycan Respublikasının qanunvericilik bazası, penitensiar müəssisələrdə onlara cəzalarının çəkilməsi üçün yaradılmış şərait və xidmətin təcrübəsi barədə iştirakçılara müfəssəl məlumat verilib.
Qeyd olunmuşdur ki, Azərbaycanın penitensiar müəssisələrində saxlanılan xarici vətəndaşların saxlanma şəraiti ilə bağlı indiyədək heç bir şikayət daxil olmamış, nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı səfər və başçəkmələri zamanı onlarla bağlı neqativ hallara rast gəlinməyib. Təcrübə göstərir ki, əcnəbi məhkumlara olan bu kimi münasibətin əsası xidmət əməkdaşlarının həssas münasibəti ilə yanaşı Azərbaycan xalqının milli-mədəni dəyərləri, tolerant təbiətindən irəli gəlir.
Son dövrlər Avropa Şurasının əsas diqqət mərkəzində olan və demək olar ki, bütün tədbirləri zamanı xüsusilə vurğulanan radikallaşma mövzusu üzrə aparılan müzakirələrdə bu problemlə mübarizədə Azərbaycanın təcrübəsi, görülən tədbirlər zamanı radikallaşmanı doğuran səbəblər, bu istiqamətdə fəallıq göstərən mütəşəkkil qrup və birləşmələrin və onlarla işin hərtərəfli, ardıcıl və sistemli aparılması vacibliyi kimi məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Müzakirələrin gedişində Azərbaycanın penitensiar sistemində son illər ərzində humanizm, bərabərlik, tolerantlıq prinsiplərinə əsaslanan, insan hüquqları və Avropa standartlarına uyğun islahatlar barədə məlumat verilib. Bildirilib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları, habelə birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlament tərəfindən qəbul edilmiş amnistiya haqqında qərarlar əsasında təkcə son bir ildə 110 əcnəbi məhkum cəza çəkməkdən vaxtından əvvəl azad edilib. Nümayəndə heyətinin təqdim etdiyi məlumatlar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
10 fevral 2017-ci il tarixdə dövlət başçısı tərəfindən "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" imzalanmış Sərəncam, onun cəza siyasətində yeni imkanları və bütün məhkumların, o cümlədən əcnəbi məhkumların hüquq və azadlıqlarının təminatının daha da yüksəlməsində görülən perspektivlər barədə ətraflı çıxışılar da böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB