Hacı Surxay Məmmədli: “Qardaş qızı ilə evlənmək haramdır” EKSKLÜZİV
"Bu hadisə ümumiyyətlə, azərbaycanlı mənəviyyatına və milli-mənəvi, dini dəyərlərimizə tamamilə zidd olan bir haldır və əlbəttə ki, cəmiyyət tərəfindən ən sərt şəkildə qınanılmalıdır". Sözügedən fikriləri SİA-ya İçərişəhər Cümə məscidinin dini icma rəhbəri, İlahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli mətbuatda Gəncə şəhərində 8 illik evliliyini qardaşının evli qızına görə bitirən və evlənmək üçün onu qaçıran hadisəyə münasibətini bildirərkən deyib.
İlahiyyatçı alim hadisəyə ilk növbədə dini nöqteyi-nəzərdən yanaşma edərək deyib ki, müqəddəs Qurani Kərimin Nisa surəsinin 23-cü ayəsində bildirilib ki, bu cür evliliklər Allah (c.c.) tərəfindən müsəlmanlara haram edilib. Quran buyurur: "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınızla) evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!"
Hacı Surxay Məmmədli bildirib ki, müqəddəs kəlamlarda bu barədə aşkar şəkildə və aydın olaraq vurğulanıb: "Göründüyü kimi, burada bütün hallar aşkar şəkildə göstərilib və eyni zamanda, qardaş qızı ilə evlənmək də bilavasitə haram buyrulub".
İlahiyyatçı alim sözügedən məsələyə digər aspektdən də toxunaraq deyib ki, ümumiyyətlə, son dövrlərdə bu kimi tükürpədici olayların baş verməsi ilk növbədə insanların sosial şəbəkələrdən və digər bu kimi faktorlardan düzgün məqsədlərlə istifadə etməməsi ilə də əlaqələndirilməlidir, eyni zamanda, ailələrdə nəzarət amili daim diqqətdə saxlanılmalıdır: "Təəssüf ki, informasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda bəzi insanlar bunu tamamilə başqa məqsədlər üçün istifadə edirlər. Mən demirəm ki, sosial şəbəkələrdən istifadə etmək doğru deyil. Xeyr, hər hansı bir məlumatı öyrənmək, informasiyanı paylaşmaq, maarifləndirici işlər istiqamətində işlər aparmaq üçün sosial şəbəkələr ən əlverişli vasitədir. Lakin buranı haqqında danışdığımız hadisələrin məklanına çevrmək heç bir halda qəbul edilə bilməz. Biz azərbaycanlıyıq, müsəlmanıq və əsrlərdən bəri bizim xalqda ən ali milli-mənəvi, sağlam dini dəyərlər formalaşıb. İnsanlarımızın həyatında bu kimi əhəmiyyətli dəyərləri qoruyub-saxlamaları üçün hər birimiz öz əməyimizi əsirgəməməliyik. Əks təqdirdə, biz bu cür çirkin halların şahidlərinə çevrilməkdə davam edəcəyik".
Xatırladaq ki, 3 uşaq atası 26 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.
Bu haqda məlumatı isə Həsənin həyat yoldaşı Həmidə Səfərova verib. Belə ki, onun sözlərinə görə, əri ilə qaynı qızı 1 ay əvvəl qoşulub qaçıblar. O isə uşaqlarını da götürərək Biləsuvarda öz ata evinə qayıdıb. Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib. Amma hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib.
Həmidə Səfərova bildirib ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, 2 uşaq anasıdır. Əmisi ilə evlənmək üçün 2 uşağını da yoldaşının üstünə atıb.
Onu da qeyd edək ki, hər iki şəxs rəsmi qaydada dövlət nikahından da çıxmayıblar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB