Yaz gəlib, yonca da bitib… TƏRS BAXIŞ

Və “Milli Şura”nın mövsümi mitinq xəstəliyi yenidən oyanıb
Yaz gəlib, yonca da bitib… TƏRS BAXIŞ

Ölü qurum kimi yalnız mövsümi şəkildə gündəmə çıxmağa cəhd edən "Milli Şura"nın yenidən "Məhsul" stadionunda mitinq keçirmək istəyini bəyan etməsi gözlənildiyi kimi ictimai rəydə heç bir ajiotaj yaratmadı. Yaratmadı ona görə ki, boğazındakı buxovu AXCP sədri Əli Kərimlinin əlində olan Cəmil Həsənlinin xalq qarşısında ümumiyyətlə, heç bir siyasi reputasiyası qalmayıb. Xüsusilə, prezident və parlament seçkiləri ərəfəsində, eləcə də referendum öncəsi bu faktor kifayət qədər öz təsdiqini tapmışdı.

"Milli Şura"nın cəmiyyətin iradəsinə və seçiminə uyğun gəlməyən mitinqinə sağlam düşüncəli vətəndaşların gedəcəyi qətiyyən ağlabatan görünmür

Ümumiyyətlə, əgər bu gün "Milli Şura" rəhbərliyi istənilən mövzu ətrafında kütləvi tədbir keçirmək istəsə, orada kütləvilik baxımından heç nə görünməyəcək. Yenə də 200-300 nəfərlik qohum-əqraba və tanış-tunuş. Ona görə də, "Milli Şura"nın cəmiyyətin iradəsinə və seçiminə uyğun gəlməyən mitinqinə sağlam düşüncəli vətəndaşların gedəcəyi qətiyyən ağlabatan görünmür. Danışılan hər bir söz, deyilən hər bir ifadə, ortaya atılan aqressiv iddialar sadəcə düşərgədaxili şəxsi dividentlərə hesablanan addımlardır.Yəni, fakt da budur ki, növbəti mitinqlərini"sosial məsələlərlə" bağlı keçirəcəklərini (əgər buna nail olsalar-R.N.) iddia edən "Milli Şura"nın "liderləri" hər kəsdən yaxşı anlayırlar ki, bu mitinq də təbii ki, qurumun əvvəllər keçirdiyi mitinqləri kimi, sosial sifarişin nəticəsi deyil. Hətta deyərdik ki, sosial sifarişin əksinə olan mitinqdir! Ona görə də "liderlərin" bu mitinqdə "iştirakçı" qismində yalnız ənənəvi müxalifət partiyalarının köhnə üzvlərinin və qohum-əqrabalarının yığılmasına ümidləri qalır. O da ki, mitinq keçirməyi bacarsalarşş. Bir halda ki, adı kütləvi tədbir olan mitinqdə piketçi sayından da az adam toplaşırsa, bunun harasını mitinq kimi qəbul etmək mümkündür?

"Milli Şura" mitinqə adam yığmaq üçün ciddi maliyyə çətinliyi çəkir?

Yeri gəlmişkən, görünür Əli Kərimli-Cəmil Həsənli cütlüyü son vaxtlar bir az maliyyə çətinliyinə düşüblər və vaxtilə onlara əl tutan bəzi Qərb təşkilatlarından "sosal vəziyyətlərinin ağırlığı" adı ilə nə isə qoparmağa çalışırlar. Ona görə də mitinqlərinin mövzusunun "sosial tələblər" üzərində quracaqlarını iddia edirlər. Lakin həmin təşkilatlar da deyəsən yavaş-yavaş ayılmağa başlayıblar. Onlar da dərk edirlər ki, belə arsız, yararsız və mənəvi dayaqları çürük olan müxalifətlə siyasi əlaqələr qurmaq, sifarişlər həyata keçirmək ümumiyyətlə, mümkün deyil.

Hətta əldə etdiyimiz dəqiq məlumata görə, "Milli Şura" mitinqə adam yığmaq üçün ciddi maliyyə çətinliyi çəkir. Artıq kimsəyə sirr deyil ki, müxalifətin mitinqləri indiyə qədər adambaşına pulla şirnikləndirmə ilə baş tuturdu ki, indi bu sarıdan da radikallar ciddi qıtlıq çəkirlər. Perspektivsiz olmaları üzündən onların xarici maliyyə kanallarının kəsilməsi mitinqlərin maliyyələşdirilməsini olduqca müşkül işə çevirib. Amma mitinq keçirmək istəyinin mövzümi xarakter alması iddiası həqiqətən də öz təsdiqini tapıb. Necə deyərlər, yaz gəlib, yonca da bitib…

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə