Bu gün Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin əməkdaşları tərəfindən ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" imzaladığı Sərəncamın icrasına başlanılıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB