"Azərbaycan, Fransa və Ermənistan arasında üçtərəfli görüş ola bilər" AÇIQLAMA

"Azərbaycan, Fransa və Ermənistan arasında üçtərəfli görüş ola bilər" AÇIQLAMA

Azərbaycan Prezidentinin Fransaya səfəri zamanı Fransua Ollandla baş tutacaq görüşündə Sankt-Peterburqda razılaşdırılan 3 mərhələli həll planı, ikincisi isə 2014-ci ilin payızında yarımçıq qalan itkin düşənlərin siyahısının tərtib edilməsi ilə bağlı məsələlər müzakirə oluna bilər. Çox güman ki, bu görüşdən bir müddət sonra Azərbaycan, Ermənistan və Fransa Prezidentlərinin üçtərəfli görüşü təşəbbüsü irəli sürüləcək". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan, Ermənistan və Fransa Prezidentlərinin üçtərəfli görüşündə də yuxarıda qeyd olunan iki məsələ ilə bağlı ciddi razılaşma əldə oluna bilər: "Hətta burada sənəd də imzalana bilər. Ümumiyyətlə, son illər Fransa Azərbaycana qarşı normal münasibət bəsləyir. Azərbaycan Prezidentinin Fransa üzrə apardığı siyasət öz effektini verib. Bilirsiniz ki, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva vaxtilə Parlamentdə təmsil olunduğu zaman Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna rəhbərlik edib. Bütün görülən işlər Fransanın Dağlıq Qarabağ münaqişəsinə obyektiv münasibət göstərməsində böyük əhəmiyyətə malik olub".

Hazırda Fransada ermənilərə qarşı müqavimətin olduğunu deyən M. Əhmədoğlu bildirib ki, lakin erməni mətbuatı bunu tamamilə fərqli yazır: "Ümumiyyətlə erməni mətbuatı yalan və uydurmadır. Fransa ilə bağlı münasibətdə də onlar yanlış yazılar yaymaqla Fransanı ermənipərəst ölkə kimi təqdim etməyə çalışırlar. Lakin Fransa kifayət qədər obyektiv siyasət aparır. Bu gün Fransa senatoru da qeyd etdi ki, Azərbaycan istənilən yolla öz torpaqlarını geri qaytara bilər. Bundan başqa qondarma "DQR"-da keçirilən "referendum" zamanı da rəsmi Paris bu "referendumun" monitorinqinin aparılmasına icazə vermədi. Bu, faktdır. Bir müddət bundan öncə Fransa prezidenti Ermənistanın rəhbərini qəbul etdi. Bununla bağlı Azərbaycan mətbuatı dərinə getmədi, lakin erməni mətbuatı yalanlar yazdı. Olland Sarkisyanla Dağlıq Qarabağla bağlı yuxarıda sadalanan məsələləri müzakirə etdi. Bilirsiniz ki, 2014-cü ilin payızındakı müzakirələrdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı razılıq əldə edilmişdi. O zaman Sarkisyan da buna razılıq verdi. Amma o, Ermənistana qayıtdıqdan sonra bundan imtina etmişdi. Çünki bu siyahının dəqiqləşdirilməsi üçün DNT analizi aparılmalı idi. Belə olan halda, orada ölənlərin hamısının azərbaycanlılar olduğunu üzə çıxacaqdı. Axı Sarkisyan və digərləri bütün dünyaya bəyan etmişdilər ki, Dağlıq Qarabağda ölənlərin hamısı ermənilərdir! Ona görə də düşmən ölkə prezidenti bundan imtina etdi. İndi Fransa prezidenti Sarkisyanla son görüşündə yenidən bu məsələni gündəmə gətirdi. Lakin ermənilər bunları yazmır. Çünki onlar öz qüsurlarını gizlətməyə çalışır, xırda müsbət amilləri isə böyüdərək təqdim etməyi bacarırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə