ABŞ səfiri və xanımı cənub bölgəsinə səfər ediblər

ABŞ səfiri və xanımı cənub bölgəsinə səfər ediblər

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Masallıda qadın-sahibkarlarını ziyarət ediblər. SİA-ya ABŞ səfirliyindən verilən məlumata görə, səfir və xanım Sekuta ABŞ hökumətinin Azərbaycanın cənub bölgələrində qadınların hüquq və imkanlarının genişlənməsini və iqtisadi şaxələnməni dəstəklədiyini vurğulamaq məqsədilə Masallı, Lənkəran və Astara rayonlarına səfər ediblər. Masallıda səfir və xanım Sekuta qadın sahibkarlığını təbliğ edən Qadın Resursları Mərkəzini (QRM) və gənclərin iş bacarıqları üzrə təlim və məşğulluq sahəsində şəbəkənin yaradılması üzrə SYSLAB Təlim Mərkəzini ziyarət ediblər. QRM və SYSLAB Mərkəzi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir və Azərbaycan höküməti ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən idarə olunur. QRM yalnız Masallı rayonunda 500-dən çox qadın və onların ailələrinə dəstək göstərir. Bundan əlavə, xanım Sekuta qadınların qlobal problemlərini müzakirə etmək məqsədilə icmanın qadın üzvləri ilə dairəvi masa keçirib. Səfir, həmçinin Azərbaycan hökumətinin öz vətəndaşlarına müasir texnologiyalar vasitəsilə xidmət göstərdiyi və hazırda SYSLAB Mərkəzinin məzunlarının çalışdığı ASAN Həyat Mərkəzinə də baş çəkib. Səfir və xanım Sekuta rayonda Birləşmiş Ştatların dəstəklədiyi fəaliyyət növlərini müzakirə etmək məqsədilə Masallı icra hakimiyyətinin başçısı Rafil Hüseynov ilə görüş keçiriblər.

Lənkəranda isə səfir və xanım Sekuta Azərbaycanın Milli Parklarına səfər məqsədilə "Parklarda Gəzinti" təşəbbüsü çərçivəsində Hirkan Milli Parkına da səfər edəcəklər. Onlar, həmçinin dünya üzrə məşhur Azərbaycan çayının istehsalı haqqında daha çox öyrənmək üçün yerli çay plantasiyalarına da səfər etməyi planlaşdırırlar. Martın 10-da isə Astarada Gömrük postuna və Şimal-Cənub Tranzit Dəhlizinin bir hissəsi olan Azərbaycan və İran arasındakı yeni dəmiryol körpüsünə də səfər etməyi planlaşdırırlar. Həmin dəmiryol körpüsü iqtisadi şaxələnməyə imkan yaratmaqla Azərbaycanın tranzit ticarət marşrutu kimi artmasına qiymətli töhfəsini verəcək. Səfir və xanım Sekuta tələbələrlə və Lənkəranın 4 saylı orta məktəbində Azərbaycan İngilis dili Müəllimləri Assosiasiyasının yerli üzvləri ilə görüşəcək. İngilis dili Azərbaycanın davamlı iqtisadi uğurunun əsas açarıdır.

1992-ci ildən etibarən ABŞ Azərbaycanı Beynəlxalq İnkişaf Proqramlarının, məcburi köçkünlərə yardım və həmçinin səhiyyənin, kənd təsərrüfatının, vətəndaş cəmiyyətin, iqtisadi inkişafın, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə 1.3 milyard dollardan çox vəsaitlə təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə