Deputatlar Mehriban Əliyevanı təbrik etdilər

Deputatlar Mehriban Əliyevanı təbrik etdilər

Milli Məclisin plenar iclasında deputatlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın I vitse-prezident seçilməsi ilə bağlı təbriklərini səsləndiriblər.

SİA-nın xəbərinə iclasda çıxış edən millət vəkili Siyavuş Novruzov Mehriban Əliyevanın birinci-vistse prezident seçilməsini cəmiyyətin sosial sifarişi kimi qiymətləndirib. O, bu təyinatı eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının bariz nümunəsi kimi dəyərləndirib: "Bu təyinat hakim partiya üçün ikiqat sevincdir. Çünki 2013- cü ildə Mehriban Əliyeva hakim partiyanın sədr müavini seçilməsi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə yeni impuls verib".

Təbriklərə qoşulan Milli Məclisin sədr müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir: "Mehriban xanımın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq. Tam əminliklə onu da deyə bilərəm ki, Mehriban xanım çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipial bir insan, bu sahədə özünün dediyi kimi möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi, dövlət başçısına yardımçı olacaq. Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".

Millət vəkili Azay Quliyev isə bildirib ki, Mehriban Əliyevanın ali dövlət vəzifəsinə təyin olunması ölkə vətəndaşları, dünyada yaşayayn soydaşlarımız tərəfindən böyük sevinc hissi ilə qarşılanıb: "Ölkənin birinci xanımının yüksək vəzifəyə təyin olunması dünya ictimaiyyəti tərəfindən təqdir edilib. Bu da təsadüfi deyil. Ona görə ki, Mehriban Əliyeva geniş ictimai-siyasi və beynəlxalq fəaliyyəti ilə həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda çox böyük rəğbət qazanıb".

Çıxışların sonunda hər kəsə öz təşəkkürünü bildirən I vitse-prezident Mehriban Əliyeva bildirib ki, hər bir qələbənin, nailiyyətin arxasında eyni fikirli, güclü, layiq komanda durur: "Yeni vəzifəyə təyin olunduqdan sonra öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm. Lakin mən gələcəyə optimist baxıram. Çünki mənim sizin kimi həmkarlarım, minlərlə dəstəkçilərim və ən əsası ölkəmizin layiqli Prezidenti var. Biz birgə əyilməz gücük. Biz ölkəmizin gələcəyi, gələcək inkişafı, müstəqilliyimizin daha da möhkəmlənməsi üçün əlimizdən gələni bir komanda kimi həyata keçirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə