Bir neçə gün öncə ermənilərin təxribatçı əməllərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizin qisası artıqlaması ilə alındı. Belə ki, artıq bəlli olduğu kimi, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
Bu arada Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən rəsmi məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını hər vəchlə gizlətməyə çalışır. Təbii ki, bu faktın özü erməni hakim siyasi dairələrinin öz ictimaiyyətindən Azərbaycanın gücünü gizlətməyə cəhd etmələri anlamını daşıyır. Lakin fakt budur ki, ermənilərin istənilən hərəkətləri şanlı Silahlı Qüvvələrimiz tərəfindən izlənilir, düşmənə anındaca öldürücü zərbələr vurulur.
Ermənilərin videomüşahidə kameraları heç bir səmərə vermir
Lakin daha bir fakt da ondadır ki, Azərbaycan Ordusunun sonuncu zərbəsi uzun müddət fəaliyyət göstərən hərbi qərargaha istiqamətlənib və buradan daha bir nəticə çıxarmaq olar ki, ermənilər hətta cəbhə xətti boyu videomüşahidə kameraları quraşdırdıqlarını bəyan etsələr də, onların bu cəhdləri heç bir səmərə vermir. Bu amil də ermənilərin hərbi-texniki sarıdan boşluqlar yaşadıqlarını sübuta yetirir.
Digər bir maraqlı fakt Ermənistan ordusunda hərbi çağırışçıların çatışmazlığı, o cümlədən işğalçıların silahlı qüvvələri daxilində muzdluların xidmət keçməsidir. Məhz bu amil də işğalçıların ölü sayını gizlətmək cəhdi kimi qiymətləndirilə bilər.
Hərbi ekspert: "Düşmən muzdluların ölümünü gizli saxlayır"
Məsələn, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik və hərbi ekspert Cəlil Xəlilov da bildirib ki, Ermənistan tərəfindən Qarabağda döyüşlərin çoxu muzdlulardır. Polkovnikin sözlərinə görə, düşmən muzdluların ölümünü gizli saxlayır. Bu səbəbdən itkilər cəmiyyəti bir o qədər də maraqlandırmır. Ekspert hesab edir ki, Ermənistan rəhbərliyi Suriya və digər döyüş zonalarından Qarabağa muzdlu döyüşçülər gətirir: "Muzdlu döyüşçülərin ölümü Ermənistan üçün o qədər də problem yaratmır. Həmin itkilər Ermənistan cəmiyyəti üçün maraq kəsb etmir. Ölənlərin çoxu həyatından bezmiş insanlardır. Ailəsi, uşağı olmayan və pul qazanmaq üçün gələnlərdir. Bu səbəbdən muzdlular öləndə cəmiyyətə məlumat verilmir".
Ölənlər arasında təkzə muzdlular deyil, ermənilər də var
Polkovnik vurğulayıb ki, ölənlər arasında təkzə muzdlular deyil, ermənilər də var: "Ermənilərin ölümü barədə məlumatlar bilərəkdən gizli saxlanılır. Çünki ölkədə iğtişaşların genişlənəcəyindən, narazı kütlənin ayağa qalxacağından qorxurlar. Ölən əsgərlərin anası etiraz edir ki, nə üçün övladımız Qarabağda ölür, biz niyə müharibə aparırıq? Bu cür etirazların genişlənəcəyindən qorxan hakimiyyət onların ölümünü ört-basdır etmək istəyir. Vəziyyəti belə görən erməni gənclər ölkədən qaçıb gedirlər".
Ermənilərin Azərbaycanın hərb i gücü qarşısında acizliyini sübut edən daha bir faktora diqqət yetirək. Məsələn, rəsmi şəkildə ictimailəşdirilmiş videogörüntülərdən də bəlli olur ki, Azərbaycan ordusunun cavab zərbəsinin endirilməsindən cəmi 6 saniyə əvvəl qərargahın önündəki yola Ural-4320 0912 40A1 markalı hərbi avtomobil yan alır. Belə ki, hərbi ekspertlərin də bildirdiklərinə görə, Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağda bu avtomobillərdən yükdaşımalar və artilleriya vasitələrinin, xüsusilə də 122 mm çaplı DA18M-1 (QRAU- 2A18) haubitsalarının dartqısı üçün istifadə edirlər.
Düşmənin həm texnika, həm də canlı itkisinə səbəb olan əsaslı sübut
Beləliklə, qərargaha yan alan Ural-4320 0912 40A1 avtomobilində erməni hərbçilərinin olduğu da göz önündədir. Ermənilər Dağlıq Qarabağda Ural vasitəsilə şəxsi heyəti daşıyanda kuzovda bir qayda olaraq 18-24 nəfər olur. Bu isə Uralın yaxınlığındakı partlayış nəticəsində neçə erməni hərbçisinin yaralandığını və həlak olduğunu təqribi müəyyənləşdirməyə imkan verir.
Kadrlarda qərargahın önündəki iki off-roud tipli avtomobildən (ağ rəngli VAZ Niva 2121 və UAZ 2206) 4 zabitin düşərək səngərlərə tərəf qaçdığı görünür. Onlar üstü örtülmüş, hündür brusverli və betonla möhkəmləndirilmiş iki pulemyot meydançasına ("trassirovkalı səngər") tərəf istiqamət alırlar. Bu zaman partlayışlar baş verir və erməni zabitlər ağır qəlpə yaraları alaraq böyük ehtimalla həlak olurlar. Həmin partlayışlardan biri uzunmüddətli atəş nöqtələrinin idarə olunduğu yerdə, ikisi isə qərargahın yanında yaşanır. Ən başlıcası isə partlayışların tipidir. Kadrlardan göründüyü kimi, partlayışlardan ikisi qəlpəli-fuqas, biri isə kumulyativ başlıqdan istifadəni göstərir. Bu isə düşmənin həm texnika, həm də canlı itkisinə səbəb olan əsaslı sübutdur.
Xətai Baxışov: "Biz onları dalbadal məhv etməliyik!"
Digər hərbi ekspert - ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib ki, işğalçıları daha pis aqibət gözləyir: "Bu müharibədir. Bu göstərir ki, müharibə bitməyib, davam edir. Bu, belə də olmalıdır, özü də daim. Bu, bizim hər əsgərimizə görə qisas alacağımızın, onları torpaqlarımızı işğal altında saxladıqlarına görə hər gün peşman edəcəyimizin göstəricisidir. Yenə deyirəm, bu, müharibədir və belə zərbələr hər gün səhər-axşam olmalıdır. Biz işğalçı Ermənistanın heç bir əsgərini torpaqlarımızda rahat oturmağa qoymalı deyilik. Biz onları dalbadal məhv etməliyik!"
Xətai Baxışov deyib ki, artıq bu cür addımlar öz səmərəsini verib, erməni cəmiyyətinin canına qorxu salıb: "İrəvanda mitinqlər başlayıb. Artıq özləri deyirlər ki, Qarabağı istəmirik. Hökumətə deyirlər ki, bu münaqişəni tezliklə həll edin bitsin. Ermənistanda adi camaat bunu istəyir.
Ona görə də cəbhədə düşməni daim təzyiq altında, gərginlikdə saxlamaq, məhv etmək lazımdır. Ali Baş Komandanımızın dediyi kimi, əgər erməni əsgərləri Qarabağda ölməsini istəmirlərsə, Azərbaycan torpağından rədd olub getsinlər!"
Beləliklə, nəticə olaraq bir daha belə qənaətə gəlmək olar ki, işğalçı ölkənin və separatçıların rəhbərlikləri artıq danışmağa söz də tapa bilməyərək, susurlar. Onları susduran isə ortada mövcud olan real faktdır. Belə faktların isə ardıcıllıqla gələcəyindən kimsə şübhə etməməlidir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB