ABŞ-dan Rusiyaya aviazərbə ittihamı RUSİYA İNKAR EDİR

ABŞ-dan Rusiyaya aviazərbə ittihamı RUSİYA İNKAR EDİR

Rusiyanın hərbi-kosmik qüvvələrinə məxsus təyyarələri ABŞ-ın Suriyada dəstəklədiyi qüvvələrin mövqelərini bombalayıb. SİA "İnterfax.ru"ya istinadən xəbər verir ki, bu barədə Qərb KİV-ləri amerikalıların "İslam Dövləti" terror qurplaşmasına qarşı hərbi əməliyyatlarının təşkilində iştirak edən general Stiven Taunsendin sözlərinə əsaslanaraq yazır.

Generalın sözlərinə görə, insident Suriyanın şimalında baş verib. "Bir neçə Rusiya təyyarəsi "İslam Dövləti" terrorçularının mövqe tutmaları ehtimal olunan kəndləri bombalayıb. Əslində isə orada Suriya ərəb koalisiyasının gücləri yerləşib"-deyə, amerikalı general jurnalistlərə deyib.

Taunsend əlavə edib ki, Amerika xüsusi təyinatlıları döyüşçüləri zərbə vurulan yerdən 5 km aralıda yerləşiblər. Hərbi rəis bildirib ki, amerikalı hərbi nümayəndələr Rusiya tərəfinə baş verənlər barədə məlumat veriblər. Məhz bundan sonra aviazərbələr dayandırılıb.

Bu arada Rusiya tərəfi bu informasiyanın həqiqəti əks etdirmədiyini bildirib. Belə ki, Rusiyanın müdafiə nazirliyindən verilən məlumata görə, amerikalıların iddia etdikləri mövqelərə bir dənə də olsun bomba düşməyib.

Xatırladaq ki, ötən ayın əvvəllərində də Rusiya aviasiyası "İslam Dövləti"nə qarşı döyüşən silahlı qüvvələrin Əl-Babdakı mövqelərini bombalamışdı. Yanlış bombalama nəticəsində 3 nəfər Türkiyə hərbçisi həlak olmuş, 11 nəfəri isə yaralanmışdı.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə