Azərbaycan-Hindistan diplomatik əlaqələrinin 25 illiyi qeyd edilib

Azərbaycan-Hindistan diplomatik əlaqələrinin 25 illiyi qeyd edilib

R.Behbudov adına Mahnı Teatrında Hindistanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib ki, ötən 25 il ərzində iki ölkənin əməkdaşlığı və dostluq münasibətləri daimi olaraq inkişaf edib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri məhz Hindistan olub. Səfir əlavə edib ki, Hindistanla Azərbaycan bir-birini siyasi olaraq həm ikitərəfli, həm də çoxtərəfli arenada, xüsusilə də BMT-də dəstəkləyir. Diplomat deyib ki, bu günlərdə Azərbaycanda tarixin çox qara səhifələrindən olan Xocalı faciəsinin 25-ci ildönümü qeyd olundu: "Bu, bir daha xatırladır ki, şiddət və ya müharibə həll yolu ola bilməz". Bu gün Hindistanın enerji sektorunda Azərbaycanla tərəfdaş olduğunu söyləyən Sanjay Rana ötən 25 ildə görülən işləri yüksək qiymətləndirib. O deyib ki, diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə il ərzində "Hindistan-Azərbaycan Dostluq Festivalı" keçiriləcək.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının daim hər iki xalqın mənafeyinə xidmət edəcəyinə inamını ifadə edib. Nazir müavini deyib ki, Azərbaycan və Hindistan arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması barədə 11 aprel 2007-ci ildə Bakıda imzalanmış saziş əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edib və bunun davamı olaraq komissiyanın artıq 4 iclası keçirilib: "Əldə edilmiş uğurların qorunub saxlanılması və Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı məqsədilə xarici ölkələrlə ticarət–iqtisadi əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan biz Hindistan ilə tikinti və infrastruktur, informasiya texnologiyaları və telekommunikasiyalar, avtomobil sənayesi, dərman və əczaçılıq, kimyəvi maddələr, energetika, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, mehmanxana və turizm sektorları sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük önəm veririk".

Milli Məclisin deputatı Jalə Əliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisi Xəzər Fərhadov çıxış edərək Azərbaycanla Hindistan arasındakı əlaqələrin tarixindən və mövcud inkişafından söz açılıb. Həmçinin, bu ölkənin Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə