“Azərbaycan Pakistan arasında 5 illik əməkdaşlıq planı imzalanacaq” MÜSAHİBƏ

“Azərbaycan Pakistan arasında 5 illik əməkdaşlıq planı imzalanacaq” MÜSAHİBƏ

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın SİA-ya müsahibəsi

- Cənab səfir, qısa müddətdir ki, Azərbaycanda diplomatik fəaliyyətə başlamısınız. Ölkəmiz barədə ilkin təəssüratlarınız nədən ibarətdir?

-Mən səmimi olaraq demək istəyirəm ki, Qafqaz regionu barədə hələ uşaq olarkən eşitmişəm. Nənəm mənə bu mövzuda nağıllar, maraqlı əhvalatlar danışırdı. Pakistanda insanlar Qafqaz bölgəsi barədə coxlu məlumata malikdir. Demək olar ki, bu, bizim milli folklorumuzun bir hissəsidir. Mən Afinada diplomat kimi çalışarkən Bakı barədə, insanların səmimiyyəti, onların xoş davranışı, mədəniyyəti haqqında çox eşitmişdim. Hesab edirəm ki, Azərbaycanda diplomat kimi çalışmağım Allahın mənə bəxş etdiyi bir lütfidir. Üç həftəyə yaxındır ki, Bakıdayam və burda olmaqdan çox şadam. Bakı mənə çox gözəl təəssürat bağışlayır. Bakıda olduğum qısa müddət ərzində İçərişəhərlə tanış oldum, bir çox insanlarla qarşılaşdım. Onlar biləndə ki, Pakistandanam, məni çox səmimi qarşılayırlar. Onların Pakistan xalqına, dövlətinə olan isti münasibətlərini görürəm. Azərbaycanlılar həmişə deyirlər ki, siz bizim qardaşımızsınız.

- Pakistanla Azərbaycan arasında siyasi münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, hazırda iki ölkənin əlaqələrinin daha da inkişafı üçün prioritet istiqamətlər hansılardır?

- Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu da iki ölkə arasında əlaqələrdə ilk addımların yaranmasına səbəb olmuşdu. Bizim ölkələrimizin mədəniyyəti demək olar oxşardır, dinimiz eynidir. Siyasi əlaqələrimiz 1996-cı ildə mərhum Prezident Heydər Əliyevin Pakistana səfəri zamanı daha da güclənmişdi. Ondan 10 il sonra Prezident İlham Əliyevin Pakistana səfəri, eyni zamanda Pakistan prezidentlərinin Azərbaycana səfərləri bu əlaqələri daha da yüksək səviyyə çatdırıb. Bildiyiniz kimi, 2015-ci ilə Pakistan Prezidenti Məmnun Hüseyn, ötən ilin oktyabrında isə Baş nazir Navaz Şərif Azərbaycanda səfərdə olub. Bu ilin mart ayında isə İlham Əliyevin Pakistana səfəri gözlənilir. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, hərbi, energetika və bir çox digər sahələrdə əməkdaşlıq var. Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın 6 iclası keçirilib. Sonuncu iclas ötən il İslamabadda baş tutdu. Qarşıdan gələn günlərdə bir sıra müqavilələrin imzalanması gözlənilir. Bunlar ticarət, energetika, mədəniyyət, yüksək texnologiyalar sahəsini əhatə edəcək. Bundan əlavə, ADA Universiteti ilə Pakistanın Xarici Xidmət Akademiyası arasında çox gözəl əlaqələr var, bir neçə diplomat hər il bu akademiyada təhsil alır. Azərbaycanla Pakistan arasında əlaqələr həm də insanlarımızın bir-birlərinə olan isti münasibətlərinə söykənir.

- İqtisadi sahədə əməkdaşlığın vəziyyəti barədə nə deyə bilərsiniz? Ölkələrimiz üçün iqtisadiyyatın hansı sahələrində əməkdaşlıq faydalı ola bilər?

- Qeyd etdiyim kimi Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyası fəaliyyət göstərir və bu komissiyasnın iclasları zamanı birgə işçi qruplar yaradılıb. Bu işçi qrupların əsas işi bank sektoru, ticarət, kənd təsərrüfatı, energetika, investisiya, səhiyyə və digər sahələrdə addımların atılması və gələcəkdə birgə işlərin görülməsidir. Ötən ilin dekabrında Pakistanın ticarət naziri nümayəndə heyəti ilə Azərbaycana səfər edib, bu il 7-11 fevral tarixlərində isə AZPROMO-nun nümayəndə heyəti Pakistana səfər edib. Bütün bunlar o deməkdir ki, əməkdaşlığın inkişafı üçün irəliləyirik. Bizim əməkdaşlığımız nümayəndə heyətlərinin mübadiləsi ilə daha da inkişaf edəcək. Qeyd etdiyim bu sahələrdə işlər görülür və ölkələrimiz əməkdaşlığı gücləndirmək üçün yüksək potensiala malikdir. Çalışacayıq ki, Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin məbləğini 500 milyon dollara çatdıraq, bunun üçün isə beş illik əməkdaşlıq planının imzalanması düşünülür.

- Turizm sahəsinin inkişafı üçün potensialı necə qiymətləndirirsiniz?

- İki ölkə arasında turizm sahəsində əməkdaşlığı inkişaf etditrmək üçün potensial yüksəkdir. Biz çalışacağıq ki, simpozumlarda, beynəlxalq mədəniyyət tədbirlərində, forumlarda iştirak daha da güclənsin. Məsələn, Şəkiyə də digər yerlərə müxtəlif turlar təşkil olunsun. Yaxud Pakistanda Şandur polo festivalı keçirilir, orda iştirak edilsin. İndi Azərbaycanda dağ-xizək turizmi çox inkişaf edib, biz çalışacağıq ki, bundan da nəsə öyrənək. Turizm sahəsində inkişafa nail olmaq üçün vacib olan amillər var. Bunlardan əsası viza və birbaşa hava əlaqəsidir. Əvvəllər İslamabad-Bakı-İstanbul reysi açılmışdı və bu, insanlar üçün rahat idi. Birbaşa reys bir müddətlik dayandırılıb. Həmçinin, viza alınmasının asanlaşmasını çox istərdik. İnsanlarımızın qarşılıqlı olaraq səfərləri üçün bunlar vacibdir. Biz çalışacağıq ki, reyslər bərpa olunsun, bu reysləri həm AZAL, həm Türk Hava Yolları, həm də Bakı -Təbriz reysi vasitəsilə gerçəkləşdirmək olar. İrandan mütəmadi olaraq Kəraciyə, Lahora, İslamabada uçuşlar var.

Eyni zamanda insanları məlumatlandırmaqda vacibdir. Azərbaycan xalqının qonaqpərvərliyini, mehribanlığını görmək lazımdır. Pakistanda gəzməli-görməli yerlər çoxdur. Məsələn, Lahor Pakistanın ürəyi sayılır, çox gözəl bir şəhərdir.

- Cənab səfir, bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Pakistan bu idman yarışında iştirak edəcək?

- Bəli, Pakistan İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək, bizim bu yarışda nümayəndə heyətimizə idman koordinasiyası naziri rəhbərlik edəcək. Bununla bağlı Pakistanın Milli Olimpiya Komitəsi Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə sıx əlaqədədir.

- Azərbaycanda Pakistan mədəniyyəti barədə o qədər çox məlumat yoxdur. Ümumiyyətlə, mədəniyyət sahəsində hansı planlar var?

- Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyasında sırf mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün addımlar atılır. Ümid edirəm ki, gələcək aylarda mədəniyyət tədbirləri keçiriləcək. Biz Pakistan mədəniyyətini tanıda biləcəyik. Pakistanda çox gözəl rəssamlar var, istərdim ki, onların burda sərgilərini təşkil edək. Pakistanda musiqi zənginliyi var və bizim musiqiçilərimiz bütün dünyada öz bacarıqlarını nümayiş etdirirlər. Təbii ki, biz istərdik ki, onları da Azərbaycana dəvət edək və burda çıxış etsinlər. Təbii ki, zamanla biz də çalışacağıq ki, öz mədəniyyətimizi inkişaf etdirək. Bizim Pakistanda 4 vilayət var və onların hər birinin də öz zənginliyi, öz rəqsi, musiqiçiləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə