Oleq Kuznetsov: "Azərbaycan- Rusiya strateji tərəfdaşdır"

Oleq Kuznetsov: "Azərbaycan- Rusiya strateji tərəfdaşdır"

"Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər 25 ildir strateji tərəfdaşlıq əsasında inkişaf edir". SİA-nın xəbərinə görə, bunu rusiyalı politoloq Oleq Kuznetsov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 25 il ərzində iki ölkə arasında əlaqələr siyasi, dialoq xarakteri daşıyırdısa, son 7-8 ildir ki, iki ölkə arasında münasibətlərdə daha müsbət tendensiyaları görmək mümkündür.

Onun sözlərinə görə, hazırda Azərbaycan Rusiya üçün ticarət və iqtisadi əməkdaşlıq sahəsində yeganə xeyrxah, bacarıqlı partnyordur: "Bu, ölkələr arasında yüksək münasibətin əsas göstəricilərindən hesab oluna bilər. Bu illər ərzində Azərbaycan müstəqil, eləcə də uğurlu siyasəti ilə digərlərinə yeni inkişaf modelləri təqdim etmiş oldu. Moskva başa düşdü ki, rəsmi Bakı öz mövqeyinə malikdir və iki ölkə arasında münasibətlərin inkişafı Azərbaycan və Rusiya üçün mühüm əhəmiyyət kəsb edə bilər. Mən çox şadam ki, ölkələr arasında münasibətlər biznes sahəsində ciddi şəkildə irəliləməkdədir".

Azərbaycanın 9 bölgəsində olduğunu deyən rusiyalı politoloq qeyd edib ki, hər bölgə öz iqtisadi inkişafına görə bir-birindən fərqlənir.

O qeyd edib ki, Azərbaycan sovetlə birliyindən ayrıldıqdan sonrakı müddətdə Rusiya ilə müqayisədə dəfələrlə qabağa gedib: "Kənardan müşahidəçi kimi deyə bilərəm ki, Azərbaycan bu illər müddətində infrastruktur dəyişikliyinə, əhalinin yaşama səviyyəsinə Rusiyanın regionlarından irəlidədir. Azərbaycandakı inkişaf dinamikasını görmək çox sevindiricidir".

Bütün xəbərlər Facebook səhifəmizdə