“Astana görüşü Suriya böhranının həllində hansı rolu oynaya bilər? ŞƏRH

“Astana görüşü Suriya böhranının həllində hansı rolu oynaya bilər? ŞƏRH

"Astanada Suriya münaqişəsinin həllinə həsr edilmiş görüşlərin keçirilməsi, şübhəsiz ki, problemin həllinə öz töhfəsini verə bilər". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib. O bildirib ki, danışıqların əsas predmeti 29 dekabrda imzalanmış atəşkəsin təsdiqi və 8 fevralda Cenevrədə keçiriləcək görüşə şərait yaratmaqdır: "Lakin bu sammitin Suriya münaqişəsinin həllində əhəmiyyətli rol oynayacağına inanmaq sadəlövhlükdür. İlk növbədə ona görə ki, görüş faktiki olaraq Rusiyanın patronajlığı altında keçirilir. ABŞ-ın hazırkı məqamda bölgədəki maraqlarını Rusiya və ya İranla nə dərəcədə uzlaşdırmağa meylli olması bir qədər mübahisəlidir. Diqqət edin, məhz bu səbəbdəndir ki, yanvarın 22-də keçirilən ilkin görüşlərdə ABŞ iştirak etməyib. ABŞ-ın isə bu görüşü, yumuşaq şəkildə olsa da "baykot" etməsi, əslində nəticə etibarı ilə tam olaraq razılığa gəlməyi çətinləşdirəcək".

V.Zifəroğlu hesab edir ki, Astana görüşünün həlledici olacağına şübhə etmək üçün ciddi əsaslar verən digər məqam Suriya müxalifətinin tam olaraq danışıqlarda təmsil olunmamasıdır: "Görüşdə Rusiya və Türkiyənin aktiv təşəbbüsü ilə dekabrın sonunda atəşkəs rejiminin bərpa olunmasını dəstəkləyən 15 müxalif qruplşma iştirak etsə də, Azad Suriya Ordusunun görüşdə iştirak etməməsi ciddi faktordur. Eləcə də ASO-nun nüvəsini təşkil edən "Cəbhət ən-Nüsra" qruplaşmasının İŞİD-lə eyni cərgədə hədəf olaraq göstərilməsi, müxalifətin ASO qanadına dəstək verən Qərbi razı sala bilməz. Üçüncü məqam isə müxalifətin özünün vahid şəkildə təmsil oluna bilməməsi amilidir. Suriya müxalifət qruplarının lideri hələlik müəyyənləşməyib və görüşdə də bu qrupların hər biri öz liderləri ilə təmsil olunmaqdadırlar. Müxalifət qruplaşmalarının öz aralarında da ciddi fikir ayrılıqları mövcuddur. Məsələn, "Ceyşül İslam"la "ən-Nusra" arasında olduğu kimi".

Bütün xəbərlər Facebook səhifəmizdə