İranlı tələbələr 20 Yanvarla bağlı bəyanat verib

İranlı tələbələr 20 Yanvarla bağlı bəyanat verib

Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni

və İdman Birliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb. SİA-ya daxil olan bəyanatda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən 27 il ötməsinə baxmayaraq, Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi dəhşətli qırğını heç bir zaman unudulmayacaq: "Həmin gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq öz haqqını tələb edirdi. Azərbaycan xalqının qəhrəman oğul və qızları bir nəfər kimi öz etiraz səsini qaldıraraq dinc vasitələrlə hüquqlarının qorunmasını istəyirdilər. Ancaq Sovet rəhbərliyinin birbaşa göstərişi ilə xalqın bu dinc mübarizəsinə qarşı yeridilən qoşun Bakıda misli görünməmiş qanlı faciəyə səbəb oldu. Belə ki, Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində Bakıda 134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox adam isə haqsız yerə həbs edildi. Qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, o cümlədən uşaqlar, qocalar, qadınlar və əlillər də var idi. Biz – Azərbaycanda təhsil alan iranlı tələbələr də İran və Azərbaycan Respublikası arasındakı mövcud qardaşlıq və dostluq münasibətlərindən məmnunluğumuzu bildirir və bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə əmin olduğumuzu bir daha bəyan edirik".

Bəyanatda o da vurğulanıb ki, artıq 27 ildir dünya, o cümlədən də İran xalqı qanlı 20 Yanvar faciəsini Azərbaycan xalqının ümumxalq hüzn günü kimi qeyd edir: "Biz bu münasibətlə müxtəlif tədbirlər, o cümlədən konfranslar, sərgilər təşkil etməklə Azərbaycanla həmdərd olduğumuzu nümayiş etdiririk. Biz, iranlı tələbələrin Azərbaycandaki birliyi olaraq 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayətləri pisləyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

Bütün xəbərlər Facebook səhifəmizdə