Hərbi icmalçı: “2017-ci il münaqişənin həlli ilə bağlı dönüş ili olacaq” AÇIQLAMA
"Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti sərsəm açıqlaması özlərinə haqq qazandırmaq və dünya birliyində məsum görüntüsü yaratmaq məqsədi daşıyır". Bunu SİA-ya açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, münaqişənin illərdir dondurulmuş qalmasında və həll olunmamasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür: "Ermənistan atəşkəs imzalandığı 23 il ərzində işğal etdiyi əraziləri hərbiləşdirərək "partlayıcı çəllək" vəziyyətinə gətirib çıxarıb. Bu bölgəni beynəlxalq təşkilatların nəzarətindən kənarda saxlamaqla isə vəziyyəti donmuş halda saxlayıb. Bununla sakitləşməyən işğalçı ölkə bölgədə təxribat işlərini də həyata keçirir və hər dəfə də Azərbaycanı yalan və iftiralarla ittiham etməyə başlayır. Əslində isə münaqişə donmuş vəziyyətdə deyil və qoşunların təmas xəttində 2014-2015-2016-cı illərdə baş verən toqquşmalar da onu göstərdi ki, müharibənin alovlanmasının bir addımlığındayıq".
R.Məmmədli hesab edir ki, 2017-ci il münaqişənin həlli ilə bağlı dönüş ili olacaq: "Bu il Sarkisyan ya üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək ya da Azərbaycan ərazilərini işğaldan azad etmək üçün əməliyyatlar həyata keçirmək məcburiyyətində qalacaq. Vəziyyətin bu cür davam etməsi heç bir halda qəbul olunmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB