Ramil Məmmədli: “Azərbaycanın İranla qənaətbəxş hərbi-texniki əməkdaşlığı mövcuddur” AÇIQLAMA
"İran prezidenti Həsən Ruhaninin Ermənistana reallaşan səfərini şərh edərkən bəzi icmalçıların məsələyə dini aspektdən yanaşaraq, rəsmi Tehranı tənqid etməsi nə qədər başa düşüləndirsə, bir o qədər də regional proseslərə qeyri-real təhlilidir. Bu səfəri İran-Ermənistan münasibətlərinin yaxınlaşması kimi dəyərləndirmək tam yanlışdır. Çünki bu ölkələrin artıq kifayət qədər bir-birinə iqtisadi bağlılıqları mövcuddur". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
O bildirib ki, elə buna görə də səfərdə ən yaddaqalan sənəd əməkdaşlığın genişləndirilməsinə dair memorandum olub: "İran prezidentlərinin və müdafiə nazirlərinin İrəvana səfərləri demək olar ki, olmayıb. 2007-ci ildə prezident Mahmud Əhmədinejat İran prezidentləri arasında ilk dəfə bu ölkəyə səfər edib. Adətən prezidentlər arasında bu cür görüşlər İranda reallaşır. Bunun səbəbi isə İran-Azərbaycan əlaqələrinə xələl gətirməməkdir. Ancaq məsələnin başqa tərəfidə var. Bu İranın qeyri-rəsmi şəkildə Rusiya qarşısında üzərinə götürdüyü öhdəlikdir. Bu öhdəlik nədən ibarətdir? Rusiya İrana qərb təzyiqi qarşısında duruş gətirmək üçün hərbi-siyasi, hərbi-texniki dəstək verir, İran isə Rusiyanın "for-post"u olan Ermənistanı iqtisadi baxımdan "ölmək"dən saxlayır. Yəni İran üçün Ermənistan Azərbaycanla müqayisədə böyük əhəmiyyətə malik bazar deyil. Lakin qeyd etdiyim məqam İranı Ermənistana dəstək verməyə məcbur edir".
Onun sözlərinə görə, səfər çərçivəsində danışıqlar predmeti iqtisadi məsələlər, tranzit-nəqliyyat xətti ilə bağlı atılacaq addımlar olub. Danışıqlarda iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair hər hansı müzakirələrin aparılmasına dair informasiya isə yoxdur: "Bu məqam isə öz-özlüyündə dediklərimi sübut edir. Bir məsələ də burada vacibdir. Ermənistan-İran hərbi əməkdaşlığının mövcud olmadığını göstərən məqam isə İran müdafiə nazirinin heç bir zaman İrəvana səfər etməməsidir. Hesab edirəm ki, rəsmi Tehran Azərbaycanın reaksiyasını bilir və buna görə də balansı qorumağa çalışır. Bunun qarşılığında isə Azərbaycanın İranla qənaətbəxş hərbi-texniki əməkdaşlığı mövcuddur".
R. Məmmədli deyib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın İranın bu addımından narazı qalmaq haqqı var və bunun rəsmi Tehrana bu və ya digər vasitələrlə çatdırılması da qəbul ediləndir.
İcmalçı onu da qeyd edib ki, məqsədli şəkildə Ermənistan mediası bu səfəri İran-Ermənistan münasibətlərində dönüş olaraq vurğulamaqla öz istəklərinə çatmağa çalışırlar: "Əslində isə burada heç bir dönüşdən söhbət gedə bilməz. Səfər əvvəldən planlaşdırılıb və İsrail prezidentinin Azərbaycana səfərinə cavab olaraq da reallaşmayıb. Bu səfərdən Ermənistanın xüsusi bir nəticə əldə edəcəyi də real görünmür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB