“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı müsabiqə qalibləri mükafatlandırılıb

“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı müsabiqə qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə noyabr ayında Dünya Türk Gənclər Birliyi İB və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birlikləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr edilən jurnalistlər arasında "Heydər Əliyev və müstəqil Azərbaycan" adlı məqalə müsabiqəsi layihəsini həyata keçirib.

SİA-nın məlumatına görə, bununla bağlı bu gün müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və digər ziyalılar, KİV nümayəndələri iştirak edib.

Mərasimdə qeyd olunub ki, dünya tarixində danılmaz faktdır ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Azərbaycanın əldə etdiyi müstəqillik çox çətin başa gəlmiş olsa da, bu müstəqilliyi qoruyub saxlamağı, tarixin ən ağır sınaqlarına sinə gəlməyi xalq, məhz öz Ulu Öndəri, Ümummilli lideri Heydər Əliyevdən öyrənib.

Layihənin məqsədi tarixin çətin mərhələlərindən keçən Azərbaycanın, əldə etdiyi müstəqillik tarixinin daha geniş təbliği və bu müstəqillikdə Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu haqqında yeni biliklərin əldə olunmasına xidmət göstərib.

Diqqətə çatdırılıb ki, müsabiqəyə 14 noyabrda start verillib, noyabrın sonunda isə müsabiqəyə yekun vurulmuşdur. Müsabiqəyə təqdim olunmuş yazılar nömrələnərək, anonim şəkildə münsiflərə təqdim olunmuş və müvafiq qiymətləndirməyə əsasən qalib müəyyənləşdirilib.

Müsabiqənin özəl şərti isə ondan ibarət idi ki, jurnalistlərdən yeni yazı tələb olunmurdu. Yəni jurnalistıər 2016-cı il ərzində bu mövzuda dərc edilən yazılarını müsabiqəyə təqdim edə bilərdilər.

Sonra müsabiqənin qalibləri mükafatandırılıb. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibi 1000 AZN, II yerin qalibi 800 AZN, III yerin qalibi isə 600 AZN məbləğində mükafat alıblar. Bundan başqa müsabiqədə 4 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə