Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyevin siyasəti: Milli mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib.
SİA-nın məluamtına görə, tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov və YAP GB-nın sədri Seymur Orucov, dini konfessiyaların rəhbərləri, partiya üzvləri, gənclər, eləcə də QHT və ictiamiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə məruzəçilər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətin dinə qayğısı, milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlər barədə çıxışlar edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov çıxış edərək deyib ki, qurum "Multikulturalizm ili"ndə beynəlxalq səviyyəli konfranslara ev sahibliyi etdi: "Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti xüsusi diqqətə layiqdir. Fond nəinki Azərbaycanda, dünyada dini abidələrin bərpası istiqamətində mühüm işlər həyata keçirib. Multikultural dəyərlərə sahib olmayan cəmiyyətdə sabitliyin olması mümkün deyil. Biz dünyada tolerantlığın, multikulturalizmin və bəşəriyyətin gələcəyi üçün işıq daşıyırıq. Bu işığın daşıyıcıları 10 milyonluq xalqımızdır".
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınıb: "Ölkəmiz dünyaya sülhü təbliğ edir. Bu da təbiidir. Çünki cəmiyyətimizdə bütün din sahibləri, müxtəlif mədəniyyətlərə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanın xarici imicini formalaşdırır və eyni zamanda bir vizit kart rolunu oynayır. Cənab Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yüksək mədəniyyətə malik olan və tolerant dövlət kimi dünyada tanınır. Azərbaycanın müxtəlif humanitar sahələrdə təşkil etdiyi mütəmadi beynəlxalq toplantılar, konfranslar, tədbirlər buna sübutdur".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev və digərləri çıxış edərək Azərbaycanda multikulturalizmin həyat tərzi olduğunu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyini qeyd ediblər.
Konfrans diskussiya şəklində davam etdirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB