Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr edilmiş tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, gənclər təşkikatlarının rəhbərləri və nümayəndələri, media nümayəndələri iştirak edirlər.
Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin başlanması ilə start verilib.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun fəaliyyəti, 5 il ərzində görülən işlər haqqında mərasim iştirakçılarına məlumat verib, Gənclər Fondunun gənclər üçün açdığı imkanlardan və fərdi layihələrin uğurundan danışıb. F.Hacıyev, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihələr çərçivəsində Rusiya Federasiyasında baş tutmuş bir sıra diqqətəlayiq tədbirləri qeyd edib.
Fərhad Hacıyev xatırladıb ki, Gənclər Fondu fəaliyyətə başladığı vaxtdan bu günə qədər Gənclər Fonduna 7098 layihə daxil olub, onların 3341-i dəstəklənib: "Ümumilikdə 3341 layihədən 963-ü yerli layihə, 94-ü beynəlxalq layihə, 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilən layihədir. Bundan əlavə, 5 il ərzində Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantları çərçivəsində 269 nəfər xaricə səfər edib".
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bidlirib ki, Azərbaycanın gənclər siyasətinin formalaşması, gənclər siyasətinin konsepsiyasının təməl prinsiplərinin qoyulmasında əsas rol ümummilli lider Heydər Əliyevə məxsusdur.
Əli Həsənov deyib ki, bu gün Azərbaycanda gənclər siyasətinin nəticələri göz qabağındadır: "Ümummilli lider Heydər Əliyev deyirdi ki, Azərbaycan gənci intellektli, dünyada rəqabətə davamlı olmalıdır, ölkəmizi dünyada layiqincə təmsil etməlidir".
PA rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan gənclər siyasətinin nəticələri göz qabağındadır: "Bütün bu işlərdə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun xüsusi yeri var. Əgər biz əvvəl Olimpiya Oyunlarında bir-iki medal qazanmağı arzu edirdiksə, sonuncu dəfə 18 medal qazandıq. Digər bütün sahələrdə olduğu kimi, idman sahəsində də layiqli gənclərimiz formalaşıb. Bax budur gənclər siyasətinin nəticəsi! Bütün sahələrdə intellektli, rəqabətədavamlı, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edən gənclik formalaşıb".
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra müasir Azərbaycanda gənclər siyasətində yeni istiqamətlər müəyyən olundu və qısa müddətdə Azərbaycanda gənclərlə bağlı qanunvericilik bazası formalaşdı.
Nazir bildirib ki, gənclər siyasətində çoxlu uğurlar əldə olunub: "Bu baxımdan Gənclər Fondunun böyük rolu var. Fond çevik, şəffaf, maraqlı layihələr həyata keçirib. 5 il az müddət olsa da, Fond böyük işlər görüb".
Sonda Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər çıxış edərək Gənclər Fonduna fəaliyyətində uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB