Mirhəsən Seyidov yenidən “İrəli” İB-nin sədri seçilib YENİLƏNİB - SƏS TV

Mirhəsən Seyidov yenidən “İrəli” İB-nin sədri seçilib YENİLƏNİB - SƏS TV

Bu gün "İrəli" İctimai Birliyinin V hesabat-seçki konfransı işə başlayıb.

SİA-nın verdiyi məlumata görə, İctimai Birliyin üzvləri əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

"İrəli" İctimai Birliyinin təsis olunmasının 8-ci ildönümünə həsr olunan konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransın işə başlaması üçün yetərsayın olduğu bildirilib, reqlament müəyyənləşdirilib.

Sonra İctimai Birliyin 2014-2016-cı illərdəki fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

İctimai Birliyin baş katibi Azər Əmirov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, iki il ərzində İctimai Birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə 15 genişmiqyaslı layihə, o cümlədən "Mənim gənclər təşkilatım", "Şəxsi inkişaf", "Münaqişə tərəfi Azərbaycan", "Xaricdən milli baxış", "Region gənclərinin əməkdaşlıq forumu", "Multikultural dəyərlərin təbliği", "Azərbaycan gəncliyinə dəstək" (SAY) və s. layihələr həyata keçirib.

Vurğulanıb ki, son iki ildə 3854 gənc İctimai Birliyin sıralarına daxil olub. Bu müddətdə dörd təcrübə proqramı həyata keçirilib, dövlət qurumları və gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilib.

Hesabat məruzəsi səsə qoyularaq təsdiqləndikdən sonra təşkilatın idarə heyətinin tərkibinə səsvermə keçirilib.

İctimai Birliyin sədri vəzifəsinə keçirilən səsvermə nəticəsində Mirhəsən Seyidov yenidən "İrəli" İctimai Birliyinin sədri seçilib.

Mirhəsən Seyidov çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib: "Bu gün Azərbaycanda gənclərə böyük dəstək göstərilir və bu istiqamətdə bir çox layihələr həyata keçirilir. Azərbaycanda gənclərin fəaliyyətinə dəstək göstərmək üçün bir sıra dövlət qurumları var, gənclərin fəaliyyəti üçün bütün şərait yaradılıb".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, bu gün Azərbaycanda gənclər hərəkatının stabil inkişaf dövrünü yaşayırıq: "Azərbaycanda gənclər siyasətini həyata keçirən dövlət qurumları var. Gənclər də yaradılan şəraitdən istifadə edir və maraqlı təşəbbüslər irəli sürürlər".

O "İrəli" İctimai Birliyinin fəaliyyətindən danışaraq qeyd edib ki, "İrəli" gənclər təşkilatları arasında özünəməxsus yer tutur.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, dövlət tərəfindən aparılan uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir, onlar ölkəmizin layiqli vətəndaşları kimi inkişaf edirlər: "Ölkəmizdə gənclərlə bağlı dövlət qurumlarının fəaliyyət göstərməsi, dövlət proqramlarının həyata keçirilməsi, gənclər siyasətinə dəstək göstərmək üçün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması və digər fəaliyyətlər cəmiyyətdə gənclərin layiqli yer tutmalarına lazımi şərait yaradıb. Dövlət gənclər siyasəti nəinki gənclərin fərdi qaydada inkişafına, həmçinin onların təşkilatlanmasına şərait yaradıb".

Sonda təşkilatın bir sıra üzvləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə