Kaspi qəzetinin 135 illiyi qeyd olunub

Kaspi qəzetinin 135 illiyi qeyd olunub

Bu gün Bakı Əyləncə Mərkəzində "Kaspi" qəzetinin yaranmasının 135 illiyi münasibətilə təntənəli tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, ictimai-siyasi xadimlər və KİV iştirak edib.

Əvvəlcə tədbirin əvvəlində qəzetin tarixinə həsr olunmuş film nümayiş olunub.

Sonra tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında danışıb.

S.Vəliyeva bildirib ki, Azərbaycan milli mətbuatının 140 ildən artıq keçdiyi tarixi inkişaf prosesində "Kaspi" qəzeti geniş bir dövrü əhatə edir: "1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən min bir əzabla "Əkinçi" işıq üzü görsə də, qəzetin açılmasına izn verən senzura sonralar onu bağlamağa nail oldu. Anadilli bir qəzetin bağlanması Həsən bəyi və onun ətrafındakı yeni, mütərəqqi fikirli ziyalıları yenidən düşünməyə vadar etdi. Həsən bəyin qəzetçilik fəaliyyətindən başqa xalqı cəhalətdən oyadacaq elə bir kütləvi vasitə görə bilməməsi düşüncəsi yeni bir ideyanın reallaşmasına təkan verdi".

S.Vəliyeva vurğulayıb ki, 1881-ci ildən 1919-cu ilədək olan mərhələdə "Kaspi"də fəaliyyət göstərən ziyalılarımız bu qəzet vasitəsilə həm fikir adamlarının həmrəyliyinə nail oldular, həm də milli düşüncələrin oyanmasında, milli şüurun dirçəlişində, eyni zamanda, istiqlal mübarizəsinin formalaşmasında əhəmiyyətli dərəcədə böyük tarixi rol oynadılar.

S.Vəliyeva bildirib ki, "Kaspi" media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoydu, söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk etdi.

Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, "Kaspi" qəzetinin nümunəsində Azərbaycan milli mətbuatının keçdiyi böyük və şərəfli inkişaf yolunu bir daha görür və milli mətbuatımızla qürur duyuruq.

V.Əliyev bildirib ki, o zaman rus dilində nəşr olunan "Kaspi" qəzeti dövrün mütərəqqi baxışlarını təbliğ etməklə, xalqa xidmət nümunəsi göstərməklə onun azadlıq arzularının gerçəkləşməsinə, milli müstəqillik ideyasının inkişafına əməli töhfə verib.

PA rəsmisi vurğulayıb ki, dövlətin media siyasəti mətbu nəşrlərin, o cümlədən ümumilli lider Heydər Əliyevin tövsiyyəsi ilə 1999-cu ildə fəaliyyəti bərpa olunmuş "Kaspi" qəzetinin inkişafına çox əlverişli şərait yaratmışdı.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, "Kaspi" qəzeti xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan nəşrlərdən biridir: "Kaspi" qəzeti öz ətrafında o dövrün ziyalılarını birləşdirdi, həmin vaxt xalqın problemlərini gündəmə gətirdi. Bu gün də "Kaspi" qəzeti cəmiyyətimizin informasiya təminatında mühüm rol oynayr".

Daha sonra "Kaspi" qəzetinə Mətbuat Şurasının diplomu təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə