Səbail və Bruklin arasında əlaqələr daha da genişlənəcək

Səbail və Bruklin arasında əlaqələr daha da genişlənəcək

Noyabrın 30-da Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Nyu-York şəhərinin əhaliyə görə ən böyük rayonu olan Bruklinin yerli hakimiyyət rəhbəri Erik Adams ilə görüşüb. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, görüş zamanı 2014-cü ildən qardaşlaşmış rayonlar olan Səbail və Bruklin arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, bu məqsədlə birgə atılacaq addımlar müzakirə olunub.

E.Adams cari ilin sentyabr ayında Bakıda səfərdə olduğunu xatırlayaraq oradan olduqca xoş təəssüratlarla döndüyünü vurğulayıb, Azərbaycan tərəfinin yüksək qonaqpərvərliyini məmnuniyyətlə qeyd edib. O, Bakıda olarkən hal-hazırda Bruklində yaşayan Azərbaycan yəhudiləri ailəsi tərəfindən ölkəmizdə olan sinaqoqlardan birinə Tövratın hədiyyə edilməsi mərasimində iştirak etdiyini bildirərək bir daha Azərbaycanın nə qədər tolerant və sülhpərvər cəmiyyət olduğuna şahidlik etdiyini deyib. Bruklində yaşayan Azərbaycan yəhudilərinin ölkəmizə sevgisi və dəstəyinin bunun bariz nümunəsi olduğunu söyləyib.

E.Əzizov öz növbəsində ölkəmizin qədim tolerantlıq ənənələrə malik olduğunu xatırlatmaqla yanaşı, Azərbaycanda ən yüksək səviyyədə buna xüsusi diqqət ayrıldığını və önəm verildiyini bildirib, məhz ölkəmizin rəhbərliyinin təşəbbüsü ilə multikulturalizm üzrə dünya miqyaslı forumların Bakıda keçirildiyini qeyd edib. O, Azərbaycanın bu sahədə töhfəsinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini həmsöhbətin diqqətinə çatdırıb.

Bruklin rəsmisi Bakıya səfəri üçün "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-Nyu-York birbaşa uçuşdan istifadə etdiyini bildirərək onun açılmasının Bakı və Nyu-York arasında münasibətlər üçün çox faydalı olduğunu vurğulayıb.

E.Adams iki rayon arasında əməkdaşlığın inkişaf potensialından danışaraq universitet tələbələri və yuxarı sinif şagirdləri üçün müxtəlif mövzularda birgə proqramların təşkil edilməsini təklif etdi. Bruklin rəsmisi belə mövzulardan biri kimi həm Azərbaycan, həm ABŞ-ın üzləşdiyi və qlobal miqyasda problemə çevrilən qaçqın mövzusunun ola biləcəyini təklif etdi. E.Adams ümumiyyətlə belə layihələrin Amerikalı tələbə və məktəblilərin Azərbaycanın zəngin mədəniyyət və tarixi barədə öyrənmə imkanı yaradacağını qeyd edib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı E.Əzizov bu istiqamətdə əməkdaşlığa hazır olduğunu deyib. O, Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə yaxından tanış olduğunu qeyd edərək Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının ABŞ-da səfirliyinin müşaviri Məmməd Talıbov amerikalı həmsöhbətlərə münaqişə barədə məlumat verərək, Azərbaycan ərazisinin 20%-in indiyədək Ermənistan tərəfinin işğalı altında olduğunu, Ermənistanın bu torpaqların azad edilməsi barədə beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını bildirib.

E.Əzizov eyni zamanda mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq potensiallarının mövcudluğunu da qeyd edib.

Buna cavab olaraq E.Adams bu istiqamətdə əməli addımların atılmasına razı olduğunu və Bakıda olarkən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşü zamanı mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarının da müzakirə edildiyini bildirib.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev öz növbəsində 2016-cı ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən iqtisadi islahatlar ili elan edildiyini bildirərək, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin dövlətin strateji xətti olduğunu və bununla bağlı ölkəmizdə bir sıra proqramların uğurla həyata keçirilməkdə olduğunu deyib. Bruklinin inkişaf etmiş sənaye rayonu kimi tanındığını bildirən millət vəkili bu sahədə Bruklinin təcrübəsinin öyrənilməsinin faydalı ola biləcəyini vurğulayıb. Eyni zamanda o, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib və bunun Bruklin iş adamları üçün maraqlı ola biləcəyini əlavə edib. Dünya İqtisadi Forumun Azərbaycanı biznesin başlanması üçün əlverişli mühit üzrə dünyada 5-ci adlandırdığı barədə məlumat verilib.

Bundan sonra E.Əzizov may ayında Bruklində "Qafqaz İrsi Festivalı"nın keçirilməsi və hər ilin may ayının Bruklində Azərbaycan mədəniyyəti və Qafqaz irsi ayı elan edilməsi üçün Erik Adamsa minnətdarlığını bildirib. Bu önəmli tədbirin yüksək səviyyədə təşkil olunmasında fəal iştirakına görə Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyası və onun prezidenti Mariyetta Rozentala da təşəkkür edib.

E.Adams Bruklində fəal Azərbaycan icmasının mövcud olduğunu qeyd edərək, onların Bruklin ictimai və mədəni həyatına böyük töhfəsini qeyd etmiş və bununla bağlı Bruklin küçələrinin birinə Bakının adının verilməsi məsələsinə baxıldığını diqqətə çatdırıb.

Həmin gün E.Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Bruklində fəaliyyət göstərən "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinə baş çəkib. Burada Mərkəzin rəhbəri Alyona Bədəlova və heykəltaraş Emin Quliyev tərəfindən mərkəzin fəaliyyəti barədə məlumat verilib, qısa proqram nümayiş etdirilib, mərkəzin tələbələri olan uşaq və gənclərin rəsm işləri nümayiş etdirilib.

Qeyd edək ki, artıq bir neçə il fəaliyyət göstərən bu mərkəz Azərbaycan mədəniyyəti və incəsənətini təşviq edir. Mərkəzin tələbələrinin Azərbaycan milli rəqslərindən ibarət rəngarəng proqramlarının Bruklində keçirilən müxtəlif bayram və festivallar zamanı nümayişi artıq ənənəyə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə