“Azadlıq” siyasi partiyaların əməkdaşlıq mərkəzi dağıldı TƏRS BAXIŞ
Müxalifət düşərgəsində mövcud olan çoxsaylı birlik və əməkdaşlıq mərkəzlərinin əksəriyyətinin fəaliyyətlərinin yalnız kağız üzərində olması, yaxud, partiyaların ildə bir-iki dəfə bir araya gələrək, mediada reklam olunmaq xətrinə "poz" vermələri artıq bir ənənəyə çevrilib. Hətta bir qovluq və bir sədrdən ibarət olan siyasi təşkilatlar belə, bu kimi birliklərdə təmsil olunurlar ki, onların "siyasi fəaliyyətləri" ən azından informasiya saytlarında, qəzetlərdə dərc edilsin. Ancaq fakt budur ki, belə dırnaqrarası fəaliyyətlərin nə ictimai rəyə, nə də ki, ölkədə cərəyan edən müxtəlif proseslərə heç bir səmərəsi, təsiri ümumiyyətlə yoxdur.
Əgər müzakirələr aparılıbsa, həmin müzakirələrin yenidən aparılmasına nə ehtiyac var?
Bu arada xatırlatmaq yerinə düşərdi ki, müxalif düşərgədə adı olub, fəaliyyəti olmayan daha bir qurum – "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzi də yaradılmışdı ki, həmin qurumda 14-15 kiçik partiyalar təmsil olunurdular. Lakin parlament və prezident seçkilərindən sonra onların bu fəaliyyətləri də yox oldu.
Məhz bundan sonra təşəbbüsü ələ alaraq, adıçəkilən qurumu dirçəltməyə çalışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu növbəti təkliflə çıxış edib. Ancaq onun yenidən bir araya gəlmək təklifləri dəstəklənməyib.
Məsələn, o, mətbuata açıqlamasında deyib ki, "bir neçə siyasi partiya sədri bir araya gəldi və müəyyən müzakirələr aparıldı və müzakirələr davam edir".
Halbuki, burada belə bir sual yaranır: əgər müzakirələr aparılıbsa, həmin müzakirələrin yenidən aparılmasına, yəni yenidən uğursuz birlik şəklindəki fəaliyyətə nə ehtiyac var?
KXCP sədri: "Müzakirələrdə iştirak etməyənlər də var"
Lakin KXCP sədri bu sualı elə cavablandırıb ki, həmin cavabın özü də "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzinin yoxluğunu tam şəkildə ortaya qoyur. Məsələn, Mirəlioğlu deyir ki,
aparılan danışıqlar və müzakirələr tam başa çatmayıb: "Odur ki, yenidən toplaşıb müzakirələri davam etdirəcəyik. Bu toplantıya hər kəs dəvət olunur. Qeyd edim ki, "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzində belə qərar verildi ki, digər partiyaların sədrləri də dəvət edilməklə müzakirələr aparılsın. Hamısı da dəvət edilib...Bizim çağırışlarımızı bəyənib müzakirələrdə iştirak edənlər də, etməyənlər də var. Dekabrın 1-də müzakirələr davam edəcək".
Diqqət yetirək: KXCP sədri bir tərəfdən "müzakirələr aparılır" deyir, o biri tərəfdən isə elan, ya da çağırış edir ki, "bu toplantıya hər kəs dəvət olunur". Maraqlıdır, müzakirələr aparılırsa, daha oraya əlavə kimləri isə dəvət etməyə hansı gərək var?
Fakt budur ki, bənzər qurumlar "çevir-tatı, bur tatı" prisnipindən o tərəfə keçmir
Tutaq ki, hər hansı bir partiya sonradan M.Mirəlioğlunun çağırışına qatılaraq, müzakirələrə qoşulmaq istəyəcək. Bu zaman daha öncəki müzakirələr və orada qəbul edilən qərarlar yeni qoşulanlar üçün təzədən gündəməmi gətiriləcək? Hər halda fakt budur ki, bənzər qurumlar "çevir-tatı, bur tatı" prisnipindən o tərəfə keçmir və məqsəd sadəcə olmayan fəaliyyəti ictimai rəyə zorla sırımaqdan ibarətdir. Əbəs yerə deyil ki, baş "klassik" sonda onu da etiraf edir ki, sözügedən toplantılarda iştirak etməyənlər də var. Bu isə reallığa qalanda "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzinin dağılmasının göstəricisidir. Çünki onların özləri də bunu dolayısı ilə olsa belə etiraf etməkdədirlər.
Qətiyyətsiz və iradəsiz olanların isə heç vaxt ciddi təsir imkanları və cürətləri olmayıb
Sonda isə xatırlatmaq yerinə düşərdi ki, parçalanmış və müxtəlif hissələrə bölünərək ayrı-ayrılıqda müxalifətçilik edən təşkilatlar bundan artıq irəli getmək iqtidarında deyillər. "Milli Şura", "MSDM", "Antiböhran koalisiyası" və sair adları olub, özləri olmayan təşkilatların siyasi ölüm saatları çoxdan yaxınlaşsa da, onlar bunu nə dərk, nə də qəbul edirlər. Ancaq reallıqla barışmaq da siyasətdə uğur sayılır. Əlbəttə ki, onlara belə uğur qazanmaq sərf etmir və bundan sonra da etməyəcək. Çünki həqiqəti etiraf etmək üçün güclü siyasi iradəyə və qətiyyətə malik olmaq şərtdir. Qətiyyətsiz və iradəsiz olanların isə heç vaxt ciddi təsir imkanları və cürətləri olmayıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB