"Azərbaycan və Rusiya hərbi sazişi kompensasiya xarakteri daşıyır”
"Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında imzalanan 2017-ci il üçün əməkdaşlıq müqaviləsi Rusiya- Ermənistan birləşmiş qoşun qruplaşmalarının yaradılması haqqında sazişi kompensasiya etmək xarakteri daşıyır". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Rusiya bu addımı ilə zahirən prosesdə bitərəf olduğunu nümayiş etdirmək istəyir: "Lakin məsələyə digər kontektsdən yanaşdıqda Rusiyanın Ermənistanla birləşmiş qoşun qruplaşmaları, Azərbaycanla isə hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı imzaladığı müqavilələr kökündən fərqlənir. Çünki Rusiyanın Azərbaycan ilə hərbi əməkdaşlığı ölkəmizin hərbi, iqtisadi potensialına söykənir.
Ölkəmiz Rusiyadan aldığı bütün hərbi-texnikanın pulunu ödəyir, hərbi texnikasını təkcə onlardan deyil, digər ölkələrdən aldığı silahların hesabına genişləndirir. Amma Rusiyanın Ermənistanla olan əməkdaşlığı birgə hərbi qoşun qruplaşmalarının yaradılması region üçün böyük təhlükədir. Bu bütövlükdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını şübhə altına almaqla yanaşı, onun problemin həllində tərəf olduğunu ortaya qoyur".
E. Mirzəbəyli qeyd edib ki, Azərbaycanın istənilən ölkə ilə hərbi əməkdaşlığını genişləndirmək imkanları var ölkəmiz özünün müdafiə qabiliyyətini gücləndirmək üçün mümkün olan bütün addımları atır: "Bu kontekstdən hərbi əməkdaşlıq haqqında imzalanan saziş yüksək dəyərləndirilməlidir. Lakin Rusiya Ermənistanla bağlı atdığı addımların izahatını verməli və onun vasitəçilik missiyasına uyğun gəlmədiyini də nəzərə almalıdır".
Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gün Moskvada Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşü baş tutub. Görüşün sonunda iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB