"Ədalət" rəsmisi Xədicə İsmayıl-Əli Kərimli qarşıdurmasından DANIŞDI

“Radikal təfəkkür tərzini ələ almaq uğrunda mübarizə gedir”
"Ədalət" rəsmisi Xədicə İsmayıl-Əli Kərimli qarşıdurmasından DANIŞDI

"Zənnimcə, səmimi fikirdən bir qədər uzaq məqamlar var. Həm də bu açıqlama müəyyən qədər şəxsi prizmadan verilib. O baxımdan ki, Azərbaycan cəmiyyətində hesab olunur ki, daha radikal təfəkkür tərzi var və bu radikal təfəkkür tərzini ələ almaq uğrunda mübarizə gedir". Bu fikirləri SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Xədicə İsmayılın AXCP sədri Əli Kərimlini "hakimiyyətə işləməkdə" və s. ittihamlarını şərh edərkən deyib.

"Xədicə İsmayılın bu kimi fikirlərlə çıxış etməsi təbii ki, hansısa uzaq məqsədlərə də xidmət edə bilər"

Ədalət Partiyasının funksionerinin sözlərinə görə, məhz bu kimi amilləri nəzərə alanda AXCP sədrinin hakimiyyətə işləməsi elə də iırıcı görünmür: "Buna görə də şübhə etmirəm ki, məsələnin mahiyyətinə gələndə birmənalı şəkildə aydın olur ki, Əli Kərimli heç də hakimiyyətə işləmir və Xədicə İsmayılın bu kimi fikirlərlə çıxış etməsi təbii ki, hansısa uzaq məqsədlərə də xidmət edə bilər".

"Məsələ bundadır ki, bu, tamamilə səmimi olmayan açıqlamalardan biridir"-deyə qeyd edən Mütəllim Rəhimlinin sözlərinə görə, əgər Xədicə İsmayılda, doğrudan da, belə bir informasiya vardısa, bunu vaxtında da açıqlaya bilərdi: "Bunun üçün ictimaiyyətdən daha böyük dəstək əldə etmək mümkün idi. İndiki halda bunun verilməsi yalnız özünütəbliğə və elə də maraq doğurmayan fəaliyyətini gündəmə gətirməkdən başqa heç nəyə xidmət etmir".

"Əvvəlki dövrlərə baxanda, onlar müxtəlif "priyomlarla" ictimaiyyəti aldadaraq bu və ya digər şəkildə "qəhrəmana" çevrilirdilər"

Müxalifət partiyasının təmsilçisinin dediyinə görə, ötən dövrlərlə müqayisədə bu gün ictimai rəydə lider olmaq kifayət qədər çətin bir məsələdir: "Təbbi ki, sadəcə olaraq, bu, Azərbaycan cəmiyyətində liderə çevrilmək, ictimaiyyətin diqqət mərkəzinə gəlmək olduqca çətindir. Əvvəlki dövrlərə baxanda, onlar müxtəlif "priyomlarla" ictimaiyyəti aldadaraq bu və ya digər şəkildə "qəhrəmana" çevrilirdilər. Amma indi bunu etmək çox çətindir. Həm ictimaiyyət kifayət qədər məlumatlıdır, çünki ictimai rəyin yalandan gözünə girmək mümkün deyil. Bu baxımdan, yenilik əldə edib siyasi həyata atılmaq çətindir. Hesab edirəm ki, belə "priyomların" heç bir gələcək perspektiv ola bilməz".

"Bir çoxları hesab edir ki, siyasət nə əxlaqi mənəviyyata söykənir, siyasət qarşıda qoyduğun hədəfə hansı yollarla olursa-olsun əldə etmək bacarığıdır"

Mütəllim Rəhimli son olaraq qeyd edib ki, bu düşərgəyə bələd olan şəxs kimi, dəfələrlə parçalanıb-birləşən, davamlı ziddiyyətlər yaşayan və qarşıdurmalara gedən radikalların yenidən "bir araya" gəlməsi mümkündür: "Çünki bir çoxları hesab edir ki, siyasət nə əxlaqi mənəviyyata söykənir, siyasət qarşıda qoyduğun hədəfə hansı yollarla olursa-olsun əldə etmək bacarığıdır. Çox təəssüf ki, bunu Azərbaycanda düşünənlər çoxdur və indiyə qədər radikal düşərgədə bunun dəfələrlə şahidi olmuşam. Ona görə də güman edirəm ki, gələcəkdə Xədicə İsmayılla Əli Kərimlinin bir yerdə, bir məkanda və bir düşərgədə olmaq ehtimalı kifayət qədər var".

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə