15 noyabr 2016-cı il tarixində Milli Şuranın Dövlət Neft Shirkətinin (SOCAR) inzibati binasına məlumat turu keçirilib. SİA-nın xəbərinə görə, məlumat turunda SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, Milli Şuranın sədri Seymur Hüseynov, üzvü olan 15 gənclər təşkilatının nümayəndələri və SOCAR-ın gənclərlə bağlı layihələrin məsul şəxsləri iştirak edib.
Məlumat turu zamanı gənclər şirkətin iş strukturu, şöbələrilə tanış olublar, daha sonra Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə bağlı məlumat əldə ediblər. Tur çərçivəsində iştirakçılara SOCAR-ın gənclərlə bağlı layihələri haqqında video-çarx təqdim olunub.
Gənclər Təşkilatları Milli Şurasının sədri çıxışında qeyd edib: "SOCAR bu gün Azərbaycanda dünyanın aparıcı şirkətlərindən biridir. Sevincdirici haldır ki, korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində gənclərə xüsusi diqqət ayrılır. Bu istiqamətdə gənclər təşkilatlarının vahid platforması olaraq Dövlət Neft Şirkəti ilə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsini vacib hesab edirik. Bu gün Milli Şuranın gənclər təşkilatları SOCAR-ın bir çox layihələrində tərəfdaş və icraçı qismində fəal iştirak etməkdədirlər".
Azərbaycanda neft hasilatının tarixi çox qədimdir. Hələ XIX əsrin ortalarında neftçıxarmada dönüş yaranmış və dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıdatexnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 1994-cü ilin 20 sentyabrında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatının pay bölgüsü haqqında" saziş imzalandı ki, sonradan bu saziş öz əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını aldı. Bu sazişlə dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Azərbaycan Respublikası Prezidentinin "ARDNŞ-nin strukturunun təkminləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli 844 saylıfərmanına əsasən isə Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri birləşdirilərək "Azneft" İstehsalat Birliyi yaradılıb.
ARGTMŞ-ın məlumat turlarını keçirməsində əsas məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infrastruktur vahidləri ilə tanışlığını və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə "Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi", "Quba Soyqırım Memorial Kompleksi", "Sağlam Ailə" klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı "ASAN xidmət" mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları və Azərbaycan Respublikası Vergilər Nazirliyinə məlumat turları təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB