BQXK-nin nümayəndələri ilə Penitensiar xidmətdə görüş FOTOLAR

BQXK-nin nümayəndələri ilə Penitensiar xidmətdə görüş FOTOLAR

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Elena Sesseranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, qonaqları salamlayan nazir müavini Azərbaycanda son illərdə penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə həyata keçirilən işlər barədə məlumat verib. Ölkəmizin penitensiar sistemində aparılan islahatlara mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən göstərilən dəstəyə yüksək dəyər verildiyini vurğulayaraq, Komitə ilə 20 ildən artıq tarixi olan əməkdaşlığın parlaq nəticələrinin göz qabağında olduğunu bildirib. Qeyd olunub ki, Ədliyyə naziri cənab Fikrət Məmmədov xanım Elena Sesseranı Komitənin Azərbaycan Nümayəndəliyinin yeni rəhbəri kimi qəbul edərkən, əməkdaşlığımızın prioritetləri, məhkumların saxlanma şəraiti və digər maraq doğuran məsələlər ətraflı müzakirə olunub.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə razılaşmaya əsasən 06-07 oktyabr 2016-cı il tarixlərdə Komitənin Azərbaycan Nümayəndəliyi rəhbərlərinin bilavasitə iştirakı ilə Ədliyyə Akademiyasında Penitensiar xidmətin işçi heyəti üçün keçirilən təlimin nəticələri də görüşdə yüksək qiymətləndirilib.

BQXK-nın Azərbaycanla ədliyyə sahəsində qarşılıqlı fəaliyyətinin uğurlu nəticələrini qeyd edən E.Sessera ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə məhsuldar və yüksək səviyyədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, məhkumların saxlanma şəraitini, tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdırılması üzrə qazanılan nailiyyətləri təqdir edib, xoş təəssüratlarını bölüşüb.

Xanım E.Sessera penitensiar sistemdə aparılan genişmiqyaslı tədbirləri, iqtisadi çətinliklərə baxmayaraq bu sahədə fəaliyyətin uğurla davam etdirilməsini məmnunluqla qarşılamış, BQXK və Azərbaycan arasında səmərəli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Nümayəndəliyin rəhbəri Müdafiə Proqramının Koordinatoru Martin Kelemenisin fəaliyyət müddətinin başa çatması ilə bağlı yeni təyin olunan koordinator Claudia Niedereri xidmət rəhbərliyinə təqdim edib.

Görüşə yekun vuran nazir müavini penitensiar sistemdə aparılan genişmiqyaslı tədbirlərin bundan sonra da dəstəklənəcəyinə, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Penitensiar xidmət arasında səmərəli qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərin artırılacağına əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə