"Qətərdən 1 milyon dollar almışıq"

Klintonlar fondunun korrupsiyası
"Qətərdən 1 milyon dollar almışıq"

ABŞ-ın Respublikaçılar partiyası tərəfindən sərt tənqidlərə məruz qalmış Klintonlar ailəsi fondu (Clinton Foundation) qanuna zidd olaraq Qətərin rəsmi şəxslərindən 1 milyon dollar aldığını təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Reuters yazır.

Qeyd olunur ki, beləliklə WikiLeaks tərəfindən 2011-ci ildə qətərli məmurların eks-prezident Bill Klintonun təşəbbüsü ilə yaradılmış ailə fonduna maliyyə vəsaitləri ödəməsi ətrafındakı iddiaları öz təsdiqini tapıb. Belə ki, 2011-ci ildə Bill Klintonun arvadı, hazırda Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klinton dövlət katibi postunda idi. O, ölkəxarici siyasət idarəsinin rəhbəri olarkən, bəyan etmişdi ki, əgər hər hansı xarici ölkədən Klintonlar ailəsi fonduna maddi vəsaitlər (ianələr) veriləcəksə, dərhal Dövlət departamentini bu barədə məlumatlandıracaq. Lakin xanım Klinton öz sözündə dayanmayıb.

Həmin vaxt Qətər nümayəndələri Bill Klintona 65 yaşının tamam olması münasibətilə ona 1 milyon dollarlıq çek verəcəklərini bildirmişdilər. Fondun rəsmi nümayəndəsi Brayan Kukstra isə deyib ki, nəticədə həmin pullar fonda daxil olub. Lakin qətərli dövlət məmurlarının sabiq prezidentlə görüşüb-görüşməmələri barədə o heç nə deməyib. Maraqlıdır ki, Qətərin ABŞ-dakı səfirliyi də bu haqda heç bir açıqlama verməyəcəyini bəyan edib.

Dövlət departamentindən isə öz növbəsində bildirilib ki, bununla bağlı fonddan heç bir məlumat daxil olmayıb. Lakin bununla yanaşı qeyd olunub ki, Klintonların xeyriyyəçilik adı altında fəaliyyət göstərən ailə fondu son bir neçə ildə Qətərdən 1 milyondan 5 milyon dollara qədər pul alıb.

Bu ilin avqustunda fond rəsmi şəkildə bəyanat yaymışdı ki, əgər Hillari Klinton prezident seçkilərində qələbə qazanarsa, xaricdən yönələn ianələrin alınması prosesini dayandıracaq.

Xatırladaq ki, Bill Klinton tərəfindən 2001-ci ildə yaradılmış adıçəkilən fond ötən müddət ərzində milyardlarla dollar əldə edib. Pul verənlər arasında Klintonların siyasi müttəfiqləri də olub. O cümlədən, Səudiyyə Ərəbistanından da fonda külli miqdarda maddi vəsait göndərilib ki, bu da Respublikaçılar partiyasında kəskin hiddət doğurub.

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp isə öz çıxışlarında Hillari Klintonun korrupsiya əməlləri törətməsinə yönəlmiş bir çox faktları açıqlayıb. O, qeyd edib ki, Klintonların ailə fonduna ianələr göndərən ölkələr sonradan ABŞ-ın onlarla siyasi münasibətlərində loyal davranmasına ümid edirdilər. Klinton da dövlət katibi postunda olarkən, bir sıra dövlətlərə bu vədi vermişdi. Respublikaçı namizəd söz verib ki, prezident rəqabətində qələbə qazanacağı təqdirdə Klintonların ailə fondu ətrafında ciddi araşdırmalara başlayacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə