Kəmaləddin Heydərov səfirlə görüşüb

Kəmaləddin Heydərov səfirlə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 26-da Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb. SİA-nın məlumatına görə, nazir Kəmaləddin Heydərov Yusif bin Həsən əl-Saini səfir təyin olunması münasibətilə təbrik etmiş, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb. O, Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, həmsədri olduğu Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrimizin daha da möhkəmlənməsinə yeni töhfələr verəcəyini vurğulayıb.

K.Heydərov Qətər Dövlətinin keçmiş Əmiri Şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı ilə əlaqədar səfirə bir daha başsağlığı verib.

Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən səfir Yusif bin Həsən əl-Sai vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə ikitərəfli münasibətlərin, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə