"Biz Əli Kərimliyə əbəs yerəmi "qaragüruh lideri" deyirik?" Müsahibə

"Biz Əli Kərimliyə əbəs yerəmi "qaragüruh lideri" deyirik?" Müsahibə

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, uğurla başa çatan referendumdan sonra iqtidar-müxalifət dialoqunun keçirilməsi nə dərəcədə mümkündür?

- Referendumdan əvvəl də mövcud iqtidar dialoq təklifinə açıq olub. Vaxtaşırı da bəyan ediblər ki, "bizim kiminləsə düşmənçiliyimiz yoxdur". Bu tip təkliflər hakimiyyətin müxtəlif vəzifəli şəxsləri tərəfindən dəfələrlə səslənib. Hətta bu cür dialoq formatlı görüşlər bir neçə dəfə baş tutub. Sadəcə, siyasətimizin bir neçə radikal ünsürü var ki, onlar ümumiyyətlə dialoq anlayışının nə olduğundan xəbərsizdirlər. Məsələn, Ə.Kərimli. Bu adamla necə üzbəüz oturmaq olar? Bu adama siyasi mədəniyyətin, centlmenliyin və kubarlığın mahiyyətini necə anlatmaq olar? Biz həmin siyasi yırtıcıya əbəs yerəmi "qaragüruh lideri" deyirik? Sizcə, bizim Ə.Kərimli ilə şəxsi-qərəzimizmi var? Xeyr. Azərbaycan iqtidarı və onun təəssübkeşləri heç bir zaman rəqibləri ilə şəxsi zəmində düşmənçilik siyasəti aparmayıb, heç vaxt siyasi mübarizə çərçivəsindən kənara çıxmayıblar. Əksinə, Azərbaycan iqtidarı həmişə öz humanizm, dialoq qapılarını açıq saxlayıb. Amma əgər Ə. Kərimli və onun ağılda olan Azərbaycanın düşmənləri milli maraqları satmaq üçün xarici qüvvələrdən dəstək alırsa, onların təlimatı ilə oturub-durursa, həmin qüvvələrin təsiri altındadırsa, o zaman bizim bu radikal qaragüruhla açıq mübarizə aparmaqdan başqa çarəmiz qalmır. Belə məqamda isə dialoqdan söhbət gedə bilməz.

- Dağıdıcı ad qazanan AXCP və Müsavat yetkililərinin dialoqa şərtlə qatılmaq istəklərini pozuculuğa xidmət edən bir niyyət kimi qiymətləndirmək olarmı?

- Dağıdıcı müxalifətə deyən lazım ki, 25 ildir müxalifətdə olan sizsiniz, dialoq şərtini hansı resursla, hansı qabiliyyətlə, hansı güclə qoyursunuz? Hələ minnətiniz olsun ki, iqtidar sizə dialoq təklif edir, sizi siyasi meydanda fərd olaraq tanıyır, sayır, sizinlə fikir mübadiləsi etmək təşəbbüsünü irəli sürür. Bunu qiymətləndirmək əvəzinə, hələ naz edirlər. Əslində həm "Müsavat"ın, həm də "AXCP"nin bilməsi və anlaması vacib olan bir həqiqət var. Belə ki, ölkənin radikal müxalifəti çoxdan tarixin zibilliyinə gömülüb. Ə.Kərimli və onun kimilər isə həmin zibilliklərdə eşələnən qara qurdlardır.

- AXCP, Müsavat funksioenerləri və onların təsiri altında olan siyasiləşmiş QHT-lər Azərbaycanda 94 "siyasi məhbus"un olması barədə siyahı tərtib ediblər. Sizcə, bunlar bu siyahını hansı kriteriyalarla tərtib ediblər?

- Onların kriteriyalarına uyğun gələn adamlar yalnız işsiz-gücsüz qohum-əqrəba, tüfeyli tərəfdaş və avara dostlardır. Gedib mitinqlərdə bir-iki şəkil çəkdirəndən və ardınca da ağır cinayət törədəndən sonra dönüb olurlar siyasi məhbus, ya da mühacir. Hətta Ə.Kərimli artıq bu fonda böyük bir biznes şəbəkəsi qurub. Kərimlinin nəzarətində olan bəzi anti-milli hüquq müdafiəçilərinin siyasi məhbus "tas"ı isə 10-15 min manat aralığında dəyişir. Onlar, hətta ən ağır cinayətkarı, residivisti də rahatlıqla "siyasi məhbus" elan edə bilərlər. Təbii ki, bunun üçün ya "Müsavat"ın, ya da "AXCP"nin köhnə tarixli partiya biletinə də ehtiyac duyulur. Onun qiyməti isə 3-5 min manat civarındadır.

- Son vaxtlar İ.Qəmbər, C.Həsənli və Ə.Kərimli Əli İnsanovun müdafiəsinə qalxıblar. Zamanında İ.Qəmbəri ən pis xəstəlik adı ilə tənqid edən Ə.İnsanovun bu gün müdafiə edilməsi təəccüb doğuran məqam sayıla bilərmi?

- Onların hazırda Ə.İnsanovdan heç bir fərqi yoxdur. Elə yaxşı tapışıblar. Çünki Ə.İnsanov da eynən özləri kimi mövqeyini dəyişən adamdır. Ona görə də dostluqları tutur. İ.Qəmbər və Ə.Kərimli hər zaman özləri xislətdə adamları seviblər. Bu sevgi üçbucağı hardan baxsan, eyni rəngdədir.

- Müxtəlif səs-küylü cinayətlərdə adları hallanan şəxslərlə dağıdıcı müxalifət arasında əməkdaşlığın qurulmasında hansısa xarici qüvvələrin rolu ola bilərmi?

- Azərbaycandakı radikal müxalifətin nəinki xarici qüvvələrlə əməkdaşlığı var, hətta onların birbaşa vassalıdırlar. Pul və qrant müqabilində dağıdıcı missiya icra edirlər. Hacı Taleh adlı kəşfiyyatçının və bu qəbildən olan digərlərinin müdafiəsi də həmin missiyanın tərkib hissəsidir. Ə.Kərimli vətənini, bayrağını və gerbini gözünü yumaraq satacaq adamdır. Bu siyasi qolçomaq öz lideri Elçibəyi satıb. Liderini satan birindən istənilən xəyanəti gözləmək olar. Odur ki, hansısa xarici qüvvənin əlində alət olmaq Kərimli üçün qəbahət deyil. AXCP sədrinin təyinatı budur. O özünü də, təşkilatını da hərraca çıxarıb. Kim daha çox pul təklif eləsə, onundur. Bu qədər.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə