Filippin prezidenti Obamanı ikinci dədə eyni ifadəylə TƏHQİR ETDİ

Filippin prezidenti Obamanı ikinci dədə eyni ifadəylə TƏHQİR ETDİ

Filippin prezidenti Rodriqo Dutertenin fikrincə, ölkəsinin ABŞ-la vidalaşmaq vaxtı çatıb. Onun sözlərinə görə, artıq Filippinin Qərblə bağlı xarici siyasətindən boğaza yığılıb və bunu dəyişmək qərarına gəlib.

Bundan əlavə, Duterte bəyan edib ki, bundan sonra bir daha ABŞ-a səfər etməyəcək. Bundan sonra o amerikalı prezident Barak Obamanı yenidən təhqir edərək, onu "... oğlu" (etik qaydalara zidd olduğuna görə ifadəni tam şəkildə yazmırıq-red.) deyə adlandırıb. SİA-nın məlumatına görə, bu barədə İtar-Tass yazır.

Bundan öncə də Filippin prezidenti məlumat verib ki, o, ölkəsi ilə ABŞ arasında 1951-ci ildə bağlanmış və qüvvədə qalan təhlükəsizlik sazişini pozmaq qərarındadır. Belə ki, həmin sənədə görə, Amerika ordusu Filippinin hərbi bazalarında məhdud şəkildə fəaliyyət göstərə bilər.

Xatırladaq ki, Rodriqo Duterte son vaxtlar öz dilinə sahib ola bilmədiyini nümayiş etdirir və qalmaqallı bəyanatlar səsləndirir. Məsələn, bir müddət öncə o narkoticarətlə mübarizə istiqamətindəki çıxışında Avropa İttifaqını cəhənnəmə yollayıb. BMT-nin baş katibi Pan Gi Munu isə başdanxarab adlandırıb. Bu çərçivədə Obama daha çox pay sahibidir. Duterte artıq ikinci dəfə onu eyni ifadəylə təhqir edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə