Əli Kərimliyə niyə əl-ayağa düşüb? ANALİZ

AXCP sədri “siyasi məhbus” manipulyasiyası edir
Əli Kərimliyə niyə əl-ayağa düşüb? ANALİZ

AXCP sədrinin zaman-zaman "siyasi məhbus" manipulyasiyası altında var-gəl edib əl-ayağa düşməsi artıq birinci hal deyil. Xüsusilə nəzarəti altında saxladığı mediası və sosial şəbəkələrdəki qrupları vasitəsilə siyasi divident qazanmaq cəhdləri sayəsində "siyasi məhbus" oyunbazlığına girən Kərimli növbəti dəfə həmin oyunbazlığını təkrarlayıb. Guya ölkədə 94 (?!-R.N.) "siyasi məhbusun" olduğunu iddia edən AXCP sədri çox yəqin ki, bu məsələ üzərində mühacir biznesini genişləndirmək məqsədini daşıyır. Ancaq məsələ yalnız bunda deyil...

"Siyasi məhbus" siyahısının gerçək görünməsi üçün AXCP sədri özünə ciddi rəqib hesab etdiyi başqa müxalifət liderlərinin də adlarını salıb

Digər bir məsələ Ə.Kərimlinin sözügedən manipulyasiyada pərdəarxası, yəni görünməyən məqamlarıdır. Məsələn, o, "siyasi məhbus" siyahısına bir çox cinayətkarların adını salsa da, onların arasında olan bir neçə nəfərin azadlığa çıxmamasının tərəfdarıdır. Daha dəqiq desək, ictimaiyyətə tanış olmayan ismlərin də yer aldığı qondarma siyahıda əsas məqsəd məhz onların ailələrindən pul qoparıb, sonradan həmin şəxsləri Qərb ölkələrinə mühacirətə göndərməkdən ibarətdir. Bu baxımdan, "siyasi məhbus" siyahısının gerçək görünməsi üçün AXCP sədri özünə ciddi rəqib hesab etdiyi başqa müxalifət liderlərinin də adlarını salıb.

Belə ki, dəfələrlə sübuta yetirilib ki, "Milli Şura" və "Yurd" üzvləri rəhbərlik səviyyəsində həmin şəxslərin azad olunmasına qarşı kampaniya hazırlayıblar. Yəni Ə.Kərimli açıq formada siyasi məhbusların azad edilməsini istəmir. Xüsusilə, Ə. Kərimli və ona yaxın qaragüruhçular dəstəsi REAL hərəkatının sədri İlqar Məmmədovun, "Milli Şura" üzvü Seymur Həzinin, hətta AXCP sədrinin müavini Fuad Qəhrəmanlının azad olmasını istəmir. qarşıdırlar. Yəni bütün bu çabalamalar heç də səbəbsiz deyil.

İ.Məmmədovun həbsdənçıxma ehtimalı, eyni zamanda REAL-ın partiyaya çevrilməsi Ə.Kərimliyə görə, özünə qarşı güclü rəqibin ortaya çıxması deməkdir

Misal üçün, bəllidir ki, REAL hərəkatı idarə heyətinin son toplantılarının birində təşkilatın partiyaya çevrilməsi barədə qərar qəbul edilib. Hətta bu ətrafda hərəkat daxilində müəyyən anlaşılmazlıqlar da yaşanmışdı. Ancaq fakt budur ki, REAL-ın partiyaya çevrilməsi nəticə etibarilə həm AXCP-yə, həm də "Milli Şura"ya qurşaqdan aşağı vurulmuş zərbə kimi də qiymətləndirilə bilinər. Söz yox ki, REAL rəhbərliyinin bu qərarı Ə.Kərimli və "Milli Şura"nın marağında deyil. Çünki 2013-cü il prezident seçkilərindəki fiaskodan sonra "Milli Şura"nın əvvəlkindən daha da zəifləməsi prosesi başlandı ki, Kərimli bunun üzündən müxalifət daxilindəki olan-qalan nüfuzunu da qeyb etmiş oldu.

Beləliklə, İ.Məmmədovun həbsdənçıxma ehtimalı, eyni zamanda REAL-ın partiyaya çevrilməsi Ə.Kərimliyə görə, özünə qarşı güclü rəqibin ortaya çıxması deməkdir. Ə.Kərimli son zamanlarda AXCP və "Milli Şura" ətrafında baş verənlərdən dolayı xeyli nüfuz itirib və bu yeni müxalifətin ortaya çıxması zərurətini yaradıb. REAL partiyaya çevrilsə, Ə.Kərimlinin müxalifət daxilində manevrləri bir qədər də azalacaq. Paralel olaraq, İ.Məmmədovun həbsindən sonra Qərbdə artan nüfuzu və Avropa insan haqları təşkilatları rəhbərlərinin REAL sədri ilə intensiv formada keçirilən görüşləri Əli Kərimli üçün başqa bir zərbədir. Buna görə də, belə bir şəraitdə İlqar Məmmədovun həbsdə qalması Əli Kərimlinin işinə yarayır.

Əli Kərimli Seymur Həzini də azadlıqda görmək istəmir çünki o, AXCP sədrliyinə iddialıdır

Əli Kərimli və "yurdçular" eyni zamanda S.Həzinin də həbsdən çıxmasını arzulamırlar. Çünki AXCP-nin başıbəlalı qurultayından sonra təşkilat faktiki əldən çıxdı və bu o fonda baş verdi ki, Kərimliyə qarşı narazılıq edənlər ondan təşkilatda gəncləşdirmə siyasətini aparmalarını tələb edirdilər. İndi Ə.Kərimli ilə qalan azsaylı adamlar da ondan gəncləşdirmə siyasətinin aparılmasını tələb edir. Bu prosesdə iştirak edənlərdən biri də məhbəsdə olmasına baxmayaraq, Əbülfəz Qurbanlının istefasından sonra "Yurd"da boy göstərən və nüfuz dairəsini genişləndirən S.Həzidir. Ə.Qurbanlının ötən il verdiyi gözlənilməz istefası və Natiq Ədilovun Fransaya qaçması S.Həzinin qrupun yeni gənc lideri olmaq yolunda maneələri aradan qaldırdı. Ə.Kərimli ilə müqayisədə bu gün də "Yurd" və "Milli Şura"nın gənc və orta nəsli arasında S.Həzinin nüfuzu güclüdür. Əldə etdiyimiz məlumatlara görə, S.Həzinin özü də AXCP-nin sədri olmaq təkliflərinə müsbət baxır. Təbii ki, onun bu iddiası Ə.Kərimlinin ümumiyyətlə, maraqlarına uyğun deyil. Belə bir vəziyyətdə də S.Həzinin həbsdən çıxması Ə.Kərimlinin müxalifət adı ilə imitasiya etməsi üçün son resurslarının da əlindən çıxmasını rəsmiləşdirəcək.

Fuad Qəhrəmanlının Əli Kərimliyə qoyulası kifayət qədər minnəti var

Fuad Qəhrəmanlıya gəlincə, bəllidir ki, AXCP sədrinin müavini məhz onun tələsinə düşərək, hazırda "Nardaran işi" üzrə mühakimə olunur. Belə bir vəziyyətdə Ə.Kərimli yaxşı bilir ki, əgər Qəhrəmanlı həbsdən çıxarsa, onun qarşısına kifayət qədər minnətlər qoyub, hətta sədrliyə iddialı ola bilər. Çünki uzun illər AXCP-də fəaliyyət göstərməsinə rəğmən, F.Qəhrəmanlı Ə.Kərilmi tərəfindən heç vaxt mükafatlandırılmayıb. Hətta zaman-zaman küncə belə sıxışdırılıb. İndi isə hər şey başqa cür ola bilər. Bu baxımdan, AXCP sədrinin növbəti "siyasi məhbus" oyunbazlığı bilavasitə onun şəxsi maraqlarına hesablanıb. Sadəcə onun qarşısını kəsən bir neçə baryer var ki, bundan yayınmağa çalışır. Lakin hər şey onun istəmədiyi kimi də baş verə bilər. Məsələn, adları çəkilənlər azadlığa da buraxıla bilərlər. Bax, onda AXCP sədrinin "siyasi məhbus" oyunbazlığı başa çata bilər. Çünki onların hər biri Kərimli üçün ciddi rəqib və siyasi konkurentdirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə