Yaxud, ali məclis sədrliyi uğrundakı savaş Nurəddin Məmmədlinin qələbəsi ilə başa çatsa da...
AXCP-də nə baş verir? ANALİZ

Uzun müddət Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ali məclis sədri postuna bu günlərdə yeni sədr seçildi. Maraqlıdır ki, bu posta rəhbərlik etmək keçirilən sessiya vasitəsilə Nurəddin Məmmədliyə həvalə olundu. Halbuki, onun təyinatı ilə razılaşmayanlar da var. Daha dəqiq desək, N.Məmmədlinin sədrliyi ilə razılaşmayanlar ilk növbədə onu rəqabət aparmaqda səriştəsi olmayan biri kimi qəbul edirlər. Çünki AXCP-yə qədər bir neçə siyasi partiyada təmsil olunan bioloq "siyasətçi" heç bir təşkilatda öz gücünə sona qədər qala bilməyərək, axırda oranı tərk edib. Nəticədə özünü AXCP sıralarında tapan Məmmədli sədr Ə.Kərimlinin müavini postuna qədər irəliləyə bilsə də, siyasi proseslərdə daim arxa planda qalıb.

Nurəddin Məmmədlinin AXCP-də yerini möhkəmləndirməsinə dəstək göstərən əsas qüvvə məhz sədr Əli Kərimlidir

Buna isə xüsusi olaraq Kərimlinin digər müavinləri – hazırda həbsdə olan Fuad Qəhrəmanlı, mərhum Həsən Kərimli, eləcə də Gözəl Bayramlı kimi köhnə cəbhəçilər mane olublar. Əsas olaraq irəli sürülən ittihamlarda N.Məmmədlinin ayağısürüşkən şəxs olması, etimadsızlığı göstərilib. Yəni onun hər an partiya sıralarını tərk edərək, başqa müxalifət partiyasına keçəcəyi ehtimal olunub.

Başqa tərəfdən, partiya daxilindən əldə etdiyimiz digər məlumata görə, N.Məmmədlinin AXCP-də yerini möhkəmləndirməsinə dəstək göstərən əsas qüvvə məhz sədr Ə.Kərimlidir. Təşkilatda təmsil olunan və məlum səbəblərə görə adının açıqlanmasını istəməyən mənbə hesab edir ki, burada isə bir neçə məqam var.

AXCP daxilindən xəbər var: "Görünür, bu xidmətinin nəticəsidir ki, partiyada uzun illər fəaliyyət göstərən şəxslər qalıb bir kənarda, kənardan gələn şəxs isə ali məclis sədri postuna yiyələnib"

"Nurəddin Məmmədlinin funksiyası partiyadaxili məsələlər fonunda cərəyan edən hadisələri Əli bəyə çatdırmaqdan ibarət olub"-deyə qeyd edən mənbə həmçinin bildirib ki, bu, konfidensial şəkildə baş verib və bundan uzağı sədrin özünə yaxın buraxdığı şəxslərin xəbəri olub: "Ümumiyyətlə, Ə.Kərimli AXCP-də ona qarşı çıxacaq insanlar barədə informasiyaları həmişə Nurəddin bəydən əldə edib. Görünür, bu xidmətinin nəticəsidir ki, partiyada uzun illər fəaliyyət göstərən şəxslər qalıb bir kənarda, kənardan gələn şəxs isə ali məclis sədri postuna yiyələnib".

AXCP-dən əldə etdiyimiz digər ilginc məlumat isə yeni partiyadaxili savaşın başlaması ehtimalıdır. Çünki yuxarıda adları çəkilən aparıcı funksionerlərin bu məsələni elə-belə qoymayacağı onların rəftarlarından, sosial şəbəkədəki yazışmalarından da görmək çətin deyil.

Əli Kərimli Gözəl Bayramlı və Fuad Qəhrəmanlının bütün cəhdlərinin qarşısını alıb

Bayaq da qeyd etdiyimiz kimi, AXCP-nin məlum postu uzun müddət (!) boş qalmışdı və bu posta sahiblənmək üçün istər F.Qəhrəmanlının, istər G.Bayramlının, istərsə də başqa cəbhəçilərin kifayət qədər vaxtları var idi. Sadəcə, onlar bu vaxtdan istifadə etsələr də, Ə.Kərimli həmin cəhdlərin qarşısını müxtəlif üsullarla almağa nail olub. İndi isə bu prosesin qızışacağı an məsələsinə çevrilib. Hər halda, nəzərə alsaq ki, cəbhədaxili qruplaşmaların böyük əksəriyyəti Bayramlı və Qəhrəmanlı cinahlarında yer alıb, bu zaman yaxınlarda AXCP-nin silkələnəcəyini düşünməyə dəyər. Hələlik isə radikal partiyada fırtına qabağı sakitlik hökm sürür...

Bütün xəbərlər Facebook səhifəmizdə