Əli Kərimli lideri Fətullah Gülənin hansı tövsiyəsini icra edir? SİYASİ ARAŞDIRMA
Son günlər AXCP sədri Əli Kərimlinin nəzarətində olan mətbuatda, eləcə də sosial şəbəkədəki müxtəlif adlı səhifələrində onun "FETÖ" məsələsi ətrafındakı "günahsızlıq prezumpsiyası" cəhdləri yenidən müşahidə olunmaqdadır. Halbuki, cəbhə sədrinin gülənçi şəbəkə ilə iş birliyini təsdiq edən çoxsaylı faktlar dəfələrlə ortaya qoyulub, ictimai rəyin diqqətinə çatdırılıb. Maraqlısı da budur ki, ölkəmizdə referendum səsverməsi ərəfəsində Kərimliyə məxsus mətbuatda bu mövzu barədə fikirlər, yazılar – guya onun "FETÖ", yaxud Fətullah Gülənlə əlaqələrinin olmaması barədə irəli sürülən iddialar tamamilə yığışdırıldığı halda, indi bu mövzu yenidən gündəmə gətirilib. Sual yaranır: Ə.Kərimli hansı səbəbdən sözügedən məsələdə "günahsız" olmasını "sübuta yetirmək" istəyir? Əslində, bu sualın cavabı kifayət qədər bəllidir...
Onun bəlli cəhdləri istədiyi nəticəni vermir
AXCP sədri yaxşı bilir ki, "FETÖ" məsələsi sıradan bir məsələ deyil və onun Fətullah Gülən sektasına bağlılığı tam şəkildə sübuta yetirilərsə (əslində, bunu sübut edən faktlar kifayət qədərdir-R.N.) necə deyərlər, kitabı bağlanacaq. Məhz bunu əsas götürən Kərimli işini "bərk" tutub, ona qarşı yönələn ittihamları hakimiyyətin üzərinə yıxmağa cəhdlər göstərir. Guya bu vasitəylə ictimai rəyin ittihamçı diqqətini özündən kənarlaşdıracağını sanır. Amma onun bəlli cəhdləri istədiyi nəticəni vermir. Çünki sünilik və siyasi artistizm dərhal özünü biruzə edir. Bunu isə görməmək mümkün deyil.
Məsələn, Gülən camaatına məxsus sektanın 90-cı illərin əvvələrindən başlayaraq, Azərbaycana ayaq açmasında Əbülfəz Elçibəyin lideri olduğu AXC-nin əməyini gizlətməyə çalışan Ə.Kərimli unudur ki, bu təhlükəli sektanın bəlli səfərlərini təsdiq edən çoxsaylı videomateriallar var. Hətta gülənçilər həmin videogörüntülərdə dəfələrlə öz dilləri ilə deyirlər ki, Əbülfəz Elçibəyin yaratdığı Xalq Cəbhəsi onları qonaq kimi ağırladı (qonaqladı), gəzdirdi və s.
Bu nağılları alt-üst edən reallıqlar ortadadır
Bütün bu və bu kimi digər çoxsaylı faktlardan sonra indi Kərimli və ətrafı Türkiyədə dərc olunan hansısa kitabdan, hansısa jurnalist təxəyyülünün məhsulu olan, faktlara, dəlillərə söykənməyən yazılara, məqalələrə istinad edib özlərini təmizə çıxarmağa səy göstərirlər. Lakin nə ictimai rəy, nə də sağlam düşüncəli insanlar bu nağıllara inamır. Çünki bu nağılları alt-üst edən reallıqlar ortadadır.
Ümumiyyətlə, "FETÖ" liderinin zaman-zaman ölkəmizdə daha çox AXCP sədri Ə.Kərimliyə "stavka" etdiyini təsdiq edən amillər saysızdır. Əbəs yerə deyil ki, müstəqil araşdırmaçılar da bu mövzu ətrafında araşdırmalarını apararkən, qənaətə gəliblər ki, məhz 2003-cü il prezident seçkiləri zamanı fətullahçılar Əli Kərimlinin daxil olduğu seçki ittifaqına gizli dəstək veriblər. Bu məqsədlə F.Gülən əlində olan texnoloqları vasitəsilə Azərbaycanın dünyəvi dövlət modelini dəyişmək üçün kadrlar yetişdirib, planlar hazırlayıb.
Və hadisələr yalnız 2003-cü illərlə başa çatmır. Məsələn, 2003-cü ilin oktyabr uğursuzluğunun ardınca, 2005-ci ildə Azərbaycanda hazırlanan çevriliş cəhdinin də arxasında gülənçi şəbəkəsi dayanıb. Bu məqsədlə də Rəsul Quliyev-Əli Kərimli-Fərhad Əliyev qruplaşmasına maddi və siyasi dəstək verib, "narıncı inqilab"ın Qərbdəki ideoloji mərkəzləri ilə çevrilişçilər arasında vasitəçi rolunu oynayıb.
Əli Kərimli üçün əsas olan dini məzhəb deyil, onun çirkin maraqlarını təmin edən radikal, dağıdıcı gedişlərdir
Digər tərəfdən, Ə.Kərimlinin "FETÖ" məsələsində izi itirməyə çalışdığı incə məqamlardan biri də onun ötən il Nardaran hadisələrinə verdiyi dəstəyi olub. Bu məsələyə isə xüsusi diqqət ayırmağa dəyər. Məsələn, Nardaran hadisələrinin lideri "Müsəlman birliyi" radikal dini hərəkatının öndəgedəni Tale Bağırzadə məzhəb baxımından şiəliyi (əslində onlar bu məzhəbə deyil, məzhəb adı altında terrora xidmət ediblər-R.N.) tutub. Lakin F.Gülənin "FETÖ" örgütü sünni qolunu tutaraq, radikal dini terror faktorunu yürütməyə çalışıb. Necə deyərlər, terrorun milləti, dini, məzhəbi yoxdur. Bu səbəbdən, Ə.Kərimli üçün əsas olan dini məzhəb deyil, onun çirkin maraqlarını təmin edən radikal, dağıdıcı gedişlərdir.
Bütün bunlar AXCP sədrinin uğursuz özünüsığorta cəhdlərdir
Apardığımız araşdırmadan da bu cür nəticə hasil etmək olar - AXCP-nin Nardaranda mənzillənmiş bir qrup radikal dindarı dəstəkləməsi heç də onun "FETÖ" tərəfdarı olmasına mane olmur. Bir daha təkrar etmək yerinə düşərdi ki, burada söhbət dini-radikal sosial baza ilə işləməkdən gedir və bütün bunlar birbaşa Qərbin müəyyənləşçiş anti-Azərbaycan çevrələrinin, ermənipərəst dairələrinin maraqlarına xidmət edir. Beləliklə, məsələ ondadır ki, bu cür klerikal dairələrlə əməkdaşlıq AXCP sədrinə tapşırılmış xüsusi, gizli missiyadır.
Daha bir ilginc fakt qardaş Türkiyədə iyul qiyamına cəhd olarkən, AXCP sədrinin sözügedən çevrilişi "pisləməsidir". Təbii ki, bu da Kərimlinin özünüsığorta addımı kimi anlaşılır. Yəni bu kimi taktikalardan – özünü qorumaq üçün "təqiyyə"dən (dini risalələrdə çətinə düşdüyü an təmsil olunduğu dini, məzhəbi gizlətmək və s.) istifadə olunması F.Gülənin məlum tövsiyələri arasında yer alır.
Məhz indi də Ə.Kərilmi bu vasitədən istifadə edir və üzərinfəki günahını hakimiyyətin üzərinə yıxmağa cəhdlər göstərməklə, aydan arı, sudan-duru olduğunu nümayiş etdirməyə çalışır. Bütün bunlar isə onun ifşasını daha qabarıq şəkildə üzə çıxarmış olur. Necə ki, hazırda da bu proses gedir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB