Növbəti uğurlara və qələbələrə doğru!

Rauf Əliyev: "Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha da sıx birləşdiyini və onu dəstəklədiyini növbəti dəfə nümayiş etdirdi"
Növbəti uğurlara və qələbələrə doğru!

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında çox mühüm bir hadisə olan Referendum uğurla başa çatdı. Referendumda xalq yüksək fəallıq nümayiş etdirdi. İlkin nəticələrə görə, referendumda iştirak edənlərin tam əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə irəli sürülən Konstitusiyaya təklif edilən dəyişikliklərə "hə" dedi"

SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili, Milli Məclisin "Əmək və Sosial Siyasət komitəsi"nin sədr müavini Rauf Əliyev deyib.

O bildirib ki, Azərbaycanı istəməyən beynəlxalq qüvvələrin təzyiqlərinə cavab olaraq Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha da sıx birləşdiyini, tam şəkildə onu dəstəklədiyini növbəti dəfə nümayiş etdirdi: "Möhtərəm Prezidentimiz həmişə qeyd edir ki, Azərbaycanda aparılan siyasət sosialyönümlü siyasətdir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur".

Millət vəkili eyni zamanda bildirib ki, xalq dövlət başçısının başladığı və uğurla davam etdirdiyi Azərbaycanın sürətli inkişafını təmin edən, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edən siyasətini dəstəkləyərək bu siyasətin davam etdirilməsinə səs verib: "Referendum mövcud qanunvericiliyinin tələblərinə uyğun, tam şəkildə demokratik və şəffaf şəkildə keçirilib. Ölkəmizə gələn müxtəlif Beynəlxalq təşkilatların nümayəndələrinin fikirləri bunu deməyə əsas verir. ABŞ-nın "Artur-Filkenşteyn və Assosasiyası" şirkəti Vətəndaşların Əmək Hüquqları Liqası ilə birlikdə referendumda keçirdiyi "Exit-pol" un nəticələri göstərir ki əhali konstitutsiya dəyişiklərinə böyük dəstək verib. Avropa Xalq Partiyası Referendumun beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bildirib. Fransanın "Opinion Way" Tədqiqatlar İnstitutun "Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi" ilə birlikdə apardığı "Exit-Pol"un nəticəsində bunu sübut edir".

Sədr müavini Rauf Əliyev həmçinin qeyd edib ki, konstitutsiyaya edilən əlavə və dəyişikliklər bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir:"Bu dəyişikliklər ölkədə başlamış iqtisadi islahatların sürətləndirilməsinə və genişləndirməsinə, qeyri-neft sektorunun birinci növbədə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni sosial layihələrin yerinə yetirilməsinə təkan verəcək".

"Referendumun uğurla başa çatması münasibəti ilə bu referendumun təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını təbrik edirəm, Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi sahəsində qarşıda duran bütün vəzifələrinin həyata keçirilməsində uğurlar diləyirəm"- deyə, millət vəkili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə