1613879 nəfər səsvermədə iştirak edib 12:00-a olan məlumat

1613879 nəfər səsvermədə iştirak edib 12:00-a olan məlumat

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi ümumxalq səsverməsinin (referendumun) saat 12:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 10:00-dək seçicilərin 1613879 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 12:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 30,6 faiz təşkil edib: "Respublika üzrə 125 seçki dairəsi mövcuddur və 5627 seçki məntəqəsi var. Seçicilərin sayı 5267111-dir".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə