Hacıqabul seçicilərindən Konstitusiya islahatlarına dəstək

Hacıqabul seçicilərindən Konstitusiya islahatlarına dəstək

Sentyabrın 22-də "Bələdiyyə" təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Hacıqabul şəhərində görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə Hacıqabul Bələdiyyələri Şurasının sədri Hüseyn İsmayılov çıxış edərək hacıqabulluları ölkənin ictimai-siyasi həyatında daha da fəal olmağa, xüsusən 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərə səs verməyə səsləyib. Bildirib ki, bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan vətəndaşları bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcək: "Çünki xalqımız belə siyasi hadisələrdə həmişə müdriklik göstəribdir".

Görüşdə referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrdə insan hüquq və azadlıqlarının təminatını daha da gücləndirən, onun inkişafına rəvac verən kifayət qədər məqamlar öz əksini tapacaq: "Belə ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Hansı ki, bunlar eyni zamanda iqtisadi hüquqları əhatə edir. Eləcə də digər dəyişikliklərdə də dövlətin iqtisadi maraqları əksini tapır. Məsələn, torpaqlardan səmərəli istifadə etmək bu gün əsas vəzifələrdən biridir. Amma təəssüflə qeyd etməliyik ki, bu sahədə ciddi problemlər var və əkinəyararlı torpaqlar istifadə olunmur. Konstitusiyaya ediləcək yeni dəyişikliklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq".

Görüşdə Birinci Udulu kənd bələdiyyəsinin sədri Ramiz Təhməz çıxış edərək hacıqabulluları Azərbaycan dövlətinin işıqlı gələcəyi naminə Konstitusiya islahatlarına səs verməyə çağırıb. O əmin olduğunu bildirib ki, hacıqabullu seçicilər bu dəyişikliklərə "HƏ" deyəcəklər.

Görüşdə çıxış edən seçicilər də dəyişikliklərlə tanış olduqlarını və Konstitusiya islahatlarına səs verəcəklərini bildiriblər.

Suraxanı rayonu

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupunun üzvləri Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib. Tədbiri giriş sözü ilə açan "Bələdiyyə" təşviqat qrupunun üzvü Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə əlaqədar 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək ümumxalq səsverməsinə (referendum) gedən hazırlıqdan danışaraq qeyd edib ki, Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib və Konstitusiyada dəyişiklik 2 dəfə: 24 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə referendum yolu ilə həyata keçirilib: "Ötən müddət ərzində ölkəmiz inkişaf edib yeni, daha çevik idarəetmə mexanizminin, iqtisadi və ictimai münasibətlərin təkmilləşdirilməsi zərurəti yaranıb. Bu səbəbdən də əsas qanunumuz olan Konstitusiyada müəyyən dəyişiklik və əlavələrin edilməsi vacibdir. Təklif olunan dəyişikliklər Azərbaycanın sürətli inkişafına, iqtisadi qüdrətinin artmasına, dünya dövlətləri sırasında daha da irəliləməsinə və xalqımızın firavan gələcəyinə əsaslı zəmin yaradır".

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev bildirib ki, Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələr iqtisadi sahədə çevik və effektiv idarəetmə müxanizminin tətbiqi, ictimai münasibətlərin tənzimlənməsi və həyatımızın digər sahələrində islahatların həyata keçirilməsi üçün çox vacibdir.

"Dövrü olaraq dövlətlərin hüquqi bazasında, əsas qanunu olan konstitusiyada dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təmin olunması üçün dəyişiklik edilir.

Ümumiyyətlə, zamanı yetişdikcə Konstitusiya islahatlarının aparılması zəruridir. Bu baxımından bizim əsas qanunumuz olan Konstitusiyada dəyişiklik və əlavələrin olunması məqsədi ilə keçiriləcək referendumun böyük əhəmiyyət daşıyır. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qavunvericilik təşəbbüsü hüququndan yararlanaraq İyul ayının 18-də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə sərəncam imzalayıb".

Tədbirdə çıxış edən Əmircan Bələdiyyəsinin sədr müavini Fəridə Bünyatova, Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova, Əmircan bələdiyyəsinin üzvü Cəmilə Ağayeva bildirdilər ki, həyata keçirilən müstəqil siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib və dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırılır.

"Artıq ölkəmizdə inkişafın Azərbaycan modeli yaranmış və iqtisadi islahatlar uğurla həyata keçirilir və Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir. Təqdim olunan müddəaların səsvermə nəticəsində qəbul edilməsi ölkəmizin ali sənədinin təkmilləşdirilməsinə, respublikanın inkişafına, daha səmərəli idarə olunmasına öz töhfəsini verəcəyinə əmin olduğumuzu bildirərək hamını səsvermədə fəal olmağa səsləyirik"- deyə, natiqlər bildiriblər.

Qaraçuxur Bələdiyyəsinin üzvü Eldar Mirzəliyev rayonun gəncləri adından çıxış edərək qeyd edib ki, təklif olunan dəyişikliklər Azərbaycan gəncliyinin inkişafına müsbət təsir göstərəcək, ölkəmizdə gənclərə fəaliyyətləri üçün yaranmış imkanları daha da genişləndirəcək.

Çıxış edənlər bütün seçiciləri ölkə başçısı ilə, həmişə olduğu kimi bu dəfə də, həmrəyliyini nümayiş etdirərək ümumxalq səsverməsində fəal iştirak etməyə və təklif olunan dəyişikliklərə "HƏ" deməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə