Hikmət Babaoğlu: “Referendum yeni keyfiyyət dəyişikliklərinə səbəb olacaq” AÇIQLAMA
"Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Baş redaktorun sözlərinə görə, hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir: "Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavədir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".
H.Babaoğlu bildirib ki, biz həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik: "Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu kontekstdə Nazirlər Kabineti ilə bərabər vitse-prezidentlik institutu da olacaq. Onlar bir-birinin təkrarı deyil. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, biz məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Qeyd etdiyim kimi, bu yeni qurum özü-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Onu da qeyd edim ki, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Bütövlükdə, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər ,insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və sair öz əksini tapıb".
O əlavə edib ki, bütün bunlarla yanaşı eyni zamanda, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin qəbul olunması ilə milli təhlükəsizliyimizi təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa gələcək, hüquqdan sui-istifadələrin qarşısı alınacaq, sahibkarlar sosial öhdəçiliyin subyektinə çevrilməklə sosial dövlət fəlsəfəsinə xidmət edəcəklər: "Məhkəmə süründürməçiliyinə son qoyulacaq, 18 yaşına çatmış hər bir vətəndaş vətəndaşlıq hüququndan tam istifadə edəcək. Göründüyü kimi, əlavə və dəyişikliklər geniş spektri əhatə etməklə özündə ən aktual məsələləri cəmləşdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB