"Ümumiyyətlə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü ələ aldıqdan sonra məhz "Kazan protokolu" tez-tez gündəmə gəlir". Bu fikirləri SİA-ya siyasi şərhçi Arzu Nağıyev Ermənistan XİN başçısı Edvard Nalbadyanın problemin həllinin məhz "Kazan protokolu" əsasında aparıldığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Şərhçi bildirib ki, ortada "Madrid prinsipləri"nin olmasına baxmayaraq, "Kazan" sənədinin gündəmə gəlməsi Rusiyanın şəxsi planı ilə bağlıdır: "Dağlıq Qarabağ münaqişəsinin "Kazan prinsipləri" əsasında həlli məhz Rusiyanın planı olduğuna görə, son zamanlar bu məsələ həm Qərb, həm ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən xüsusilə qabardılır. Ermənistan XİN rəhbərinin, eləcə də digərlərinin bununla bağlı verdiyi bəyanatlar məhz Rusiyaya bir işarədir. Onlar bununla bildirmək istəyirlər ki, biz sizin prinsiplərlə hərəkət etməyə çalışır, digər sənədlərin olmasına baxmayaraq, məhz "Kazan prinsipi"nə yönəlirik. Ermənistanın Rusiyasız bir addım belə atmaq fikri yoxdur".
Noyabr ayında ABŞ-da, 2017-ci ildə isə Fransada prezident seçkilərinin keçiriləcəyini xatırladan siyasi şərhçi vurğulayıb ki, bunların hamısı münaqişənin həllinə təsir edən amillər olacaq: "Məhz buna görə Rusiya münaqişənin həllindən iki əlli yapışmalıdır. Çünki, o Dağlıq Qarabağ münaqişəsinin həll etsə, canını sanksiyalardan qurtarmaq imkanı əldə edə bilər".
A. Nağıyev qeyd edib ki, münaqişənin həlli ilə bağlı hər üç protokolda Azərbaycan tərəfi ilk şərt kimi ölkəmizin ərazi bütövlüyünü və suverenlik məsələsini gündəmə gətirib: "Sənədlərdə əsas qoşunların işğal olunmuş ərazilərdən çıxarılması, ilk öncə 5, daha sonra 2 rayonun geri qaytarılması, Dağlıq Qarabağın statusu, referendum və digərləri gündəmə gətirilib. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin istənilən prinsipə uyğun həlli mərhələli şəkildə olacaq. Burada başqa variant ola bilməz. İşğal olunmuş rayonların boşaldıldıqdan sonra orada bir sıra proseslər gedəcək. "Kazan prinsipi"nə uyğun olaraq birdən-birə 6 rayonun boşaldılması inandırıcı görünmür. Çünki burada qoşunlar çəkilməli, məsələlər mərhələli şəkildə həll edilməlidir".
Siyasi şərhçi bildirib ki, münaqişənin mərhələli şəklində həlli ilə bağlı məsələlərin gündəmə gəlməsi Dağlıq Qarabağda olan separatçı rejimdə müəyyən narazılıqlara səbəb olur: "İndiki zamanda Ermənistanın bu cür məsələləri ortaya atması da məhz münaqişənin həllinin uzadılmasına xidmət edir. Gördüyünüz kimi son zamanlar problemin həlli ilə bağlı bəyanatlardan başqa konkret addımlar atılmır. Onlar Dağlıq Qarabağın statusu ilə məşğul olduqlarını göstərməklə öz hakimiyyətlərini uzatmağa çalışırlar. Lakin problemin həlli ilə bağlı son sözü Rusiya deyəcək. Ondan sonra həmsədrlər görüşməli, Qərbin razılığı ilə digər mərhələlər başlamalıdır. Bu gün Azərbaycan tərəfi şərt irəli sürən tərəf kimi çıxış edir. Məhz buna görə də görüş naminə görüşlər keçirmir, sülhün bərqərar olmasına çalımaqla yanaşı hərbi məsələləri də digər variant kimi öz gündəmində saxlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB