Niyaməddin Orduxanlı: "Milli Şura" mitinq keçirə bilməz" AÇIQLAMA

Niyaməddin Orduxanlı: "Milli Şura" mitinq keçirə bilməz" AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev Referendumun keçirilməsi ilə bağlı öncədən sərəncam imzalamışdı və radikal müxalifətin öz təşəbbüs qrupunu yaratması üçün kifayət qədər vaxtı var idi. Bunu bacarmayanları mitinqdə kim dəstəkləyəcək?". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, AXCP sədrinin təşəbbüs qrupu yaratmaqdan imtina etməsi gözlənilən idi: "Qanunla 40 min imzanı, daha dəqiq desək 800 nəfəri tapa bilməyən Əli Kərimli təşəbbüs qrupu yaratmaqdan imtina etməli idi. Çünki Əli Kərimli təşəbbüs qrupu yaratmaq gücünə malik deyil".

Sentyabrın 3-də ölkəmizdə referendumqabağı təbliğat-təşviqat kampaniyasına start veriləcəyini xatırladan BAXCP sədri müavini qeyd edib ki, MSK-dan rəsmi şəkildə qeydiyyatdan keçməyən "Milli Şura"nın qanunvericiliyə uyğun olaraq prosesə rəsmi şəkildə qoşulmaq imkanı yoxdur: "Qanun buna imkan vermədiyi üçün onlar mitinq keçirə bilməzlər. Bunu onlarda bilir və "Milli Şura"nın niyyəti mitinq keçirmək deyil, onlar bununla beynəlxalq qurumların qarşısına çıxaraq guya onların sərbəst toplaşmaq azadlığının təmin edilməməsini bəyan etmək məqsədi güdürlər. Axı 800 nəfəri tapa bilməyən insanın mitinqinə kim gələcək? Əli Kərimli uzun illərdir ki, mitinq keçirir. Bu mitinqlərə heç kim dəstək vermir. Bütövlükdə stadionda, polis, mühafizəçi, jurnalistlər, texniki işçilərlə birlikdə maksimum 500 nəfər adam iştirak edir. Bu, baxımdan növbəti mitinqdə də ictimaiyyət onları dəstəkləməyəcək. Bu, sadəcə Əli Kərimlinin növbəti avantürasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə