Beynəlxalq təhlükəsizlik istitunun eksperti, iranşünas Armen Vardanyan regionun aktual siyasi məsələlərini cavablandırarkən Ermənistan-İran əlaqələrinə münasibətini bildirib. SİA 1in.am-a istinadən xəbər verir ki, Vardanyan açıqlamasında Rusiya-Türkiyə, eləcə də Rusiya-İran münasibətləri barədə də fikirlərini açıqlayıb.
İranşünasın sözlərinə görə, Rusiya-İran münasibətləri hazırda ən yüksək səviyyədədir və dinamik inkişaf dövrünü yaşayır: "İran eyni zamanda Qərblə münasibətlərinin dərinləşməsinə çalışır. Lakin ABŞ-la bağlı bir sıra problemlər hələ də mövcuddur". Erməni iranşünas bildirib ki, İran yaxınlarda ABŞ-ı yüksək səviyyədə nüvə razılaşmasına əməl etməməsi barədə suçlayıb və belə davam edərsə, razılaşma çərçivəsindən çıxacaq: "Bu kontekstdə İran Qərbə göstərir ki, onun qucağına atılmağa hazırlaşmır və paralel olaraq Rusiya ilə əlaqələrini inkişaf etdirir".
"Rusiya ilə əlaqələrinin möhkəmləndirilməsi İrana ona görə sərf edir ki, hər iki ölkə Suriyada Əsəd hakimiyyətini dəstəkləyir"-deyə qeyd edən Vardanyan həmçinin bildirib ki, İran Rusiyadan ən çox silah alan ölkələr sırasında dayanır.
Erməni ekspert eyni zamanda Rusiya, İran və Azərbaycan arasında yaranmış yeni əlaqələrin Ermənistana hansı təhlükələri yarada biləcəyi ehtimallarına da münasibətini bildirib və deyib ki, bu məsələdə bəzi təlaş yaradan məsələlər mövcuddur: "Belə ki, Rusiya Azərbaycana müəyyən olunmuş proqramlar təklif edir. Xüsusilə, təklif edir ki, Şimal-Cənub dəhlizi Azərbaycanın ərazisindən keçsin".
Vardanyan Azərbaycan-İran münasibətlərində də inkişafın dinamik xarakter aldığını deyib və bildirib ki, bu münasibətlər Ermənistan-İran münasibətlərindən bir boy yüksəkdə dayanır: "Ölkələr arasında ikitərəfli razılaşma planına əsasən ticarət dövriyyəsinin artması, siyasi plan da buraya daxildir. Artıq hər iki ölkəni prezidentləri 7 dəfə görüş keçiriblər, lakin Ermənistan və İran prezidentlərinin görüşləri hələ də baş tutmayıb. Bu, çox mühüm bir göstəricidir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB