Rasim Musabəyov: “Ermənilər geriyə çəkilməyə hazırdırlarsa..." ŞƏRH
"Əgər Ermənistan sülh danışıqlarında müsbət mühit yaratmaq üçün iki rayondan geri çəkilməyə hazırdırsa, Azərbaycan buna nəyə görə yox deməlidir?! Amma söhbət bunun nəyin müqabilində baş verməsindən gedir". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun həmsədri olmuş Metyu Brayzanın iki rayonun qaytarılması barədə fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan iki rayondan geri çəkilsə, bu, onların müdafiə sistemlərini dağıdacaq, yəni qalan rayonları saxlamaq üçün yenidən istehkam quracaqları suallar doğurur. R.Musabəyov deyib ki, ermənilərin iki rayondan geri çəkilməsi müqabilində Azərbaycan ayrıcı qüvvəni öz ərazisinə buraxan deyil: "Ancaq indi atəşkəs xəttində hansısa etibarlı bir rejimin saxlanılması müzakirə oluna bilər. Yəni, təkrar edirəm, hər şey mümkündür, ilk növbədə isə atılan addımların nəyin müqabilində olması müəyyən edilməlidir. Brayza demək olar ki, çoxdan danışıqlar prosesindən kənarlaşıb, hardan nə eşidib, nə deyir, özündən soruşmaq lazımdır. Azərbaycan gücdən istifadə edilməməklə bağlı öhdəlik götürmürsə və ermənilər geriyə çəkilməyə hazırdırlarsa, lap bir rayon qaytarılsın, burda bir qəbahət yoxdur".
Politoloq xatırladıb ki, ermənilər vaxtilə bir yol saxlamaq şərtilə, 6 rayonundan çəkilməyə hazır idilər, Azərbaycan Ki-Uestdə buna yol vermədi: "Azərbaycanın prinsipial bir mövqeyi var, ermənilərə bir qarış da torpaq verilməyəcək, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq. Qalan məsələlər hamısı müzakirə oluna bilər".
Politoloqa görə, Azərbaycan iki rayonun qaytarılması müqabilində cəbhə xəttində etibarlı bir monitorinq qurulmasına razılıq verə bilər: "Yəni doğurdan da ermənilər işğal olunmuş ərazilərdən çəkilməyə başlasalar, normal danışıq prosesi gedərsə, Azərbaycan cəbhə xəttində atəşkəsə nəzarətin möhkəmlənməsinə razılıq verə bilər. Bundan başqa, əvvəllər Azərbaycan 90-cı illərdə Gürcüstan ərazisinə hansısa yüklərin gedib, ordan Ermənistana keçməsinə göz yumurdu, sonra buna sərt məhdudiyyət qoydu, amma hansısa yumşalmaya gedə bilər, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına razılıq verə, digər hansısa məsələlər müzakirə oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB