Millət vəkili: "Jurnalist bilməlidir ki, artıq polis sürücünü təqib edə bilər”
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin (İB) təşkilatçılığı ilə "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbüsslərin gücləndirilməsi" mövzusunda tədbir keçirilib.
SİA-nın məlumatına görə, birlik sədri Elməddin Muradlı deyib ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır, son günlər bir neçə ağır yol qəzası baş verib: "Bu halların aradan qaldırılması üçün birgə fəaliyyət göstərmək lazımdır. Ölkədə avtomobilləşmə prosesi sürətlənib. Bu proses sürətləndikcə problemlər də açıq görünür".
Ekspert Ərşad Hüseynov isə diqqətə çatdırıb ki, ölkə müasirləşsə də, yeni yollar yollar çəkilsə də, təfəkkür dəyişməyib: "Baş verən qəzaları, yol hadisələrini nəzərdən keçirdikdə elə qənaətə gəlinir ki, 1970-ci illərdir. Bu məsələlərdə yanaşma dəyişməlidir. Avtomobillərin sayı artıqdca qəzaların da sayı artır".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov çıxışında son illər baş verən yol qəzaları ilə bağlı statistikaya toxunub: "Yollarda baş verən qəzalara nəzər yetirdikdə adama elə gəlir ki, Azərbaycanın yollarında müharibə gedir. Azərbaycanın yollarında avtocəngəllik baş verir. Bunun qarşısı alınmalıdır".
R.Cəbrayılov əlavə edib ki, bu məsələlərlə bağlı jurnalistlərin də rolu mühümdür: "Çünki informasiyasının çatdırılması çox əhəmiyyətlidir. Jurnalistlər qanunları da bilməlidir. Yazırlar ki, polis təqib edib, qəza baş verib. Jurnalist bilməlidir ki, qanuna edilən dəyişikliyə görə, artıq polis sürücünü təqib edə bilər".
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müavini Mübariz Abbasov bildirib ki, təmsil etdiyi qurum yol qəzalarının qarşısının alınması üçün işlər görür: "2015-ci ilin ilk 6 ayında baş verən yol qəzaları 2016-cı ilin ilk 6 ayında baş verən yol qəzalarından iki dəfə çox olub. Biz bu istiqamətdə maarifləndirmə işləri aparırıq".
Sonda xidmətdə fərqlənən yol polisi əməkdaşları mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB