Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişi cəhdi ölkə iqtisadiyyatına təxminən 100 milyard ABŞ dolları dəyərində zərər vurub. SİA xəbər verir ki, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfenkci deyib.
"Əgər hərbi təyyarələri, helikopterləri, silahları, qumbaraları və zərər görmüş binaları daxil etsək, zərərin hesabı 300 milyard lirədir (100 milyard ABŞ dolları) və bu bizim təxmini hesablamalarımızdır"-deyə nazirin sözlərini "Hürriyyət" qəzeti yazır.
Bununla yanaşı, Tüfenkci vurğulayıb ki, burada söhbət ilkin hesablamalara əsaslanır və istisna olunmur ki, həmin rəqəm artacaq. Nazirin sözlərinə görə, çevriliş cəhdi xaricdən edilmiş müxtəlif sifarişlərin yerinə yetirilməməsi ilə nəticələndi. Eyni zamanda, xarici turistlər Türkiyəyə səfərdən imtina etməyə başladılar. Qiyamçılar isə Türkiyəni dünyaya geridəqalmış dövlət kimi tanıdıblar.
Xatrladaq ki, dövlət çevrilişi cəhdi 16 iyul gecəsi baş verib və qiyamçıların planları qısa müddətdə iflasa uğrayıb. Rəsmi Ankarada hesab edirlər ki, çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan Fətullah Gülən dayanıb. Lakin onun özü bu ittihamları qəbul etmir. Eyni zamanda, Türkiyə dövlətinin tələblərinə baxmayaraq, ABŞ tərəfi bəyan edib ki, əgər 75 yaşlı Gülənin günahkarlığı ilə bağlı əsaslı faktlar təqdim edilməsə, onun Türkiyəyə ekstradisiyası baş tutmayacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB