"Ermənistanda baş verənlər XİN rəhbərlərinin görüşünü sual altında qoyur" ŞƏRH

"Ermənistanda baş verənlər XİN rəhbərlərinin görüşünü sual altında qoyur" ŞƏRH

"Ermənistanda baş verən siyasi proseslər avqust ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədr ölkələrin xarici işlər nazirləri ilə keçiriləcək görüşü sual altında qoyur". Bunu SİA-ya politoloq Arzu Nağıyev keçiriləcək görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirindən danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın səsləndirdiyi sərsəm bəyanatlardan sonra keçirilməsi nəzərdə tutulan görüş aktuallığını itirir: "Lakin buna baxmayaraq, görüş belə bir formatda baş tutarsa, bunu müsbət hal kimi qiymətləndirmək olar. Ümumiyyətlə, ABŞ, Fransa və Rusiya münaqişənin həllində maraqlı olmalıdır. Çünki, regionda təhlükəsizliyin təmin edilməsi ilk növbədə münaqişənin həllindən asılıdır. Regionda təhlükəsizliyin təmini isə Rusiyanın iqtisadi sanksiyalardan az da olsa azad edilməsi, digər dövlətlərin isə bir sıra meqa layihələrdə iştirakı deməkdir".

Politoloq bildirib ki, Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsinin həllində şərt qoyan dövlətdir və öz ərazi bütövlüyünü təmin etmək üçün bütün variantlara gedəcək: "Azərbaycan ilk növbədə sülhün tərəfdarıdır və münaqişənin də bu yolla həllinə çalışır. Lakin problem həllini tapmadığı təqdirdə digər yollara əl atılmalıdır. Buna görə də baş tutması nəzərdə tutulan avqust görüşündə konkret məsələlər həll edilməlidir".

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta "news.am" saytına müsahibəsində bildirib ki, avqustda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə