Əli Həsənov: "Azərbaycan dövləti həmişə jurnalistlərin yanında olacaq"

Əli Həsənov: "Azərbaycan dövləti həmişə jurnalistlərin yanında olacaq"

"Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində oynadığı mühüm rol, cəmiyyətimizin, milli dövlətçiliyimizin inkişafına verdiyi əvəzsiz töhfələr bu gün onun şanlı tarixi haqqında fəxrlə danışmağa tam əsas yaradır". SİA-nın xəbərinə görə, bu fikirləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Milli Mətbuat günü ilə bağlı keçirdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Milli mətbuatın yaranma tarixindən söz açan Ə.Həsənov bildirib ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin ilk nömrəsini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoydu: "Əslində, "Əkinçi" qəzeti həm də xalqımızın çoxəsrlik intellektual və mədəni inkişaf tarixinin məntiqi nəticəsi olan və onu özündə təcəssüm etdirən ilk nümunə idi. XlX əsrin sonları-XX əsrin əvvəllərində "Əkinçi" ənənələrini davam etdirən "Ziya", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin" və digər nəşrlər insanları yüksək ideallar uğrunda mübarizə və milli oyanış prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazandılar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mətbuatımız azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısına çevrildi".

Prezidentin köməkçisi vurğulayıb ki, müasir dövr jurnalistikamız ona görə Ümummilli Lider Heydər Əliyevi sevir və onun xatirəsini uca tutur ki, Ulu Öndər 1993-cü ildə - Azərbaycanın ən taleyüklü dövründə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafı məsələlərini digər mühüm problemlərin həllindən ayırmadı, ona daim diqqət və qayğı göstərdi: "Ümummilli Lider "Əkinçi" qəzetinin nəşr olunmağa başladığı 22 iyul gününü Azərbaycanda Milli Mətbuat günü elan etdi və 70 illik Sovet idarəçiliyi dövründə kölgədə qalmış ənənələr, mətbuatımızın şanlı tarixi özünə qaytarıldı. Ulu Öndər söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, 1992-ci ildə tətbiq olunmuş və milli mətbuatın inkişafı yolunda ciddi maneəyə çevrilmiş senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi. Məhz Ümummilli Liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən demokratik qanunvericilik bazası yaradıldı, mətbuata dövlət dəstəyi sistemli və ardıcıl xarakter aldı, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu".

Ə.Həsənov qeyd edib ki, Ümummilli Lideri mətbuata sevdirən ən başlıca səbəblərdən biri də Ulu Öndərin həmişə jurnalistlərlə yaxın təmas qurması, onların problemlərinə həssas münasibəti və hər bir halda çətinliklərin aradan qaldırılmasına çevik reaksiyası olub: "2002-ci ilin martında Heydər Əliyevin "Jurnalistlərin dostu" seçilməsi Ümummilli Liderin söz və məlumat azadlığına, kütləvin informasiya vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi oldu. Bu gün Azərbaycanda əsası Heydər Əliyevin tərəfindən qoyulmuş media siyasəti və ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusi qeyd etmək istərdim və təcrübə də təsdiq edir ki, istənilən sahədə vəzifələrin həllinə sistemli və konseptual yanaşma cənab Prezidentin həyata keçirdiyi idarəçiliyin başlıca prinsipini təşkil edir. 2003-cü ildən başlayaraq elektron KİV-lərin fəaliyyəti sahəsində əsaslı islahatların həyata keçirilməsi, "İnformasiya əldə etmək haqqında" Qanunun qəbul edilməsi və medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-lərin inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi və həyata keçirilən digər çoxsaylı tədbirlər Azərbaycan Prezidentinin siyasi iradəsinin təzahürüdür və dövlətin artan maliyyə imkanları da bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratdı".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanda milli mətbuatın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, milli mətbuatın inkişafında xidmətləri olan KİV nümayəndələrinin dövlət mükafatları və fəxri adlarla təltif olunması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin reallaşdırılması, redaksiyalara birdəfəlik maliyyə yardımlarının ayrılması, yeni medianın inkişafının stimullaşdırılması və digər çoxsaylı tədbirlər ardıcıl xarakter alıb: "2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2005, 2008 və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir. Prezident İlham Əliyev jurnalistlərlə görüşür, onları qayğılandıran məsələlərlə maraqlanır və qarşıda duran problemlərin həlli ilə bağlı vacib qərarlar qəbul edir, jurnalistikanın inkişafı ilə bağlı öz dəyərli fikirlərini bölüşür və lazımi tövsiyələr verir. Azərbaycan jurnalistikası cənab Prezidentin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, əməli şəkildə onun çağırışlarına dəstək verir. Təsadüfi deyil ki, ölkə jurnalistləri 2010-cu və 2013-cü illərdə cənab İlham Əliyevi "Jurnalistlərin dostu" seçiblər".

Ə.Həsənov bildirib jurnalistika olduqca dinamik sahədir, jurnalist peşəsi isə təkcə intellekt, savad deyil, həm də insandan məsuliyyət tələb edir: "Bu gün qlobal informasiya məkanında Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur. Hər bir jurnalist sözü vicdanla, öz xalqını, dövlətini düşünərək deməlidir, milli maraqlarımızı müdafiə etməyi bacarmalıdır, əsrlər boyu uğrunda mübarizə apardığımız və bu gün fəxrlə yaşadığımız Azərbaycan dövlətini təbliğ etməli və qorumalıdır. Mən bu işdə bütün jurnalistlərimizə uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzu edirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti də həmişə sizin yanınızda olacaq, sizin qayğılarınızı qarşılayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə