"Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan Türkiyənin yanında olub ona dəstək verdi. Buna görə Azərbaycan xalqına və ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm". Sİa-nın xəbərinə görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu gün keçirdiyi mətbuat konfransında deyib.
Türkiyə Cümhuriyyətinin ayaqda olduğunu deyən səfir söyləyib ki, Bu prosesdə Türkiyə demokratiyası qazandı: "Türkiyənin ayaqda olmasına kiminsə şübhəsi olmasın. Xalqın Fətullahçı terror təşkilatının əməllərinə qarşı çıxdığını gördünüz. Xalq küçələrə axışmaqla öz mövqeyini göstərdi. Hətta siyasi partiyalar da dövlətin yanında oldu. Başda Azərbaycan olmaqla, Tükiyənin bütün dostlarına demək istəyirəm ki, rahat olsunlar".
A.Coşqun söyləyib ki, Türkiyədə baş verənlər Türkiyə Silahlı Qüvvələrinə aid deyil, bunlar silahı qüvvələrin daxilində olan bir qrup təxribatçının işidir: "Türkiyə məlum hadisələr zamanı 246 şəhid verib, 1500-dən çox yaralı var. Bu hadisələrə görə 60 min nəfər işdən kənarlaşdırılıb. Hazırda araşdırma aparılır. Bütün işlər hüquqi müstəvidə davam etdirilir".
Diplomat əlavə edib ki, Böyük Millət Məclisi təsdiq edərsə, Türkiyədə fövqəladə vəziyyət elan ediləcək: "Türkiyədə elan edilən fövqəladə vəziyyət fərdi azadlıqların məhdudlaşdırılması deyil. Burada gərginlik yaratmağa ehtiyac yoxdur. Bundan 15 iyul hadisəsini təşkil edənlər narahat olmalıdır. Azərbaycan vətəndaşları əvvəllər Türkiyəyə necə gedirdilərsə, indi də eyni qayda ilə gedə biləcəklər. Baxın, Fransada da bir müddət əvvəl fövqəladə vəziyyət elan edilmişdi. Amma minlərlə insan sərbəst şəkildə bu ölkəyə gedə bilirdilər. Türkiyədə də belə olacaq. Narahatlığa əsas yoxdur. Türkiyə bu hadisələrdən güclənmiş çıxacaq və təxribatçı qruplardan tamamilə təmizlənəcək. Türkiyəni təhdid edənlərlə bağlı Azərbaycanla danışıqlar aparırıq, məlumat mübadiləsi edirik. Türkiyə ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Bu proses bundan sonrada davam edəcək".
Səfir FETÖ-nün (Fətullahçı Terror təşkilatı) rəhbəri Fətullah Gülənin ABŞ-da yaşadığını, onun Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı işlər aparıldığını da bildirib: "15 iyul hadisələrinin arxasında terror təşkilatı dayanır, bu, birmənalıdır. Bu terror təşkilatının da başında Fətullah Gülən dayanır. Burada ABŞ-ın mövqeyini gözləyirik. Dünyada terrorla birgə mübarizə aparılırsa, bu istiqamətdə Türkiyəyə dəstək verilməlidir. Hazırda bununla bağlı gözləntilərimiz böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB