Deputat: “Türkiyə kifayət qədər güclü dövlət sisteminə malikdir” AÇIQLAMA

Deputat: “Türkiyə kifayət qədər güclü dövlət sisteminə malikdir” AÇIQLAMA

"Bizim arzumuz Türkiyədə sabitliyin tam bərpa olunmasıdır. Azərbaycan qardaş ölkədə baş verənlərin demokratik institutların fəaliyyəti nəticəsində tezliklə həll edilməsini istəyir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, baş verənlərlə bağlı araşdırmalar aparılmalı, günahkarlar hüquq aliliyi qarşısında cavab verməlidir: "Biz əminik ki, qardaş dövlət yaxın müddətdə sabitliyi bərpa edərək ölkənin gələcək inkişafına nail olacaq".

Millət vəkili söyləyib ki, baş verənlərin nədən qaynaqlandığı ilə bağlı fikir irəli sürmək üçün yetərincə məlumat olmalıdır: "Hazırda Türkiyədə bununla bağlı araşdırmalara başlanılıb və yalnız araşdırmaların nəticəsində hadisələrin əsil səbəbləri məlum olacaq. Baş verənlərə baxmayaraq ümidvaram ki, qardaş ölkə tezliklə öz inkişaf yolunu davam etdirəcək. Çünki Türkiyə kifayət qədər güclü dövlət sisteminə malikdir. Qeyri-qanunu yolla çevrilişə cəhd etmək dövlətçiliyə zidd və zərbədir".

Türkiyədə baş verənlərin 90-cı illərdə Azərbaycandakı hadisələrlə oxşarlığına gəlincə A.Mollazadə söyləyib ki, qardaş ölkədə baş verənlərin səbəbləri tamamilə başqadır.

Bütün xəbərlər Facebook səhifəmizdə